"Azərbaycan öz təcrübəsində sübut edib ki, tolerantlıq, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmət, fərqli dinlərin nümayəndələrinə və onların ənənələrinə ehtiram sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yoludur". Bu sözləri SİA-ya açıqlmasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri, millət vəkili Sahibə Qafarova deyib.
Millət vəkili bildirib ki, Azərbaycanda multikulturalizm və tolerantlığın inkişafı həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasına, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinin sülh və əmin amanlıq şəraitində birgəyaşayışına imkan verir: "Bu gün Azərbaycanda istər xristian, istər yəhudi icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla real bərabər imkanlara və hüquqlara malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində hər bir ölkə vətəndaşının vicdan azadlığı təsbit olunub. Azərbaycanda məscidlə sinaqoqu, kilsəni yanaşı görə bilərsiniz".
O qeyd edib ki, ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirilən inkişaf siyasəti, öz növbəsində, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilməsinə səbəb olub: "Bu həm də onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən irəli gələn tolerantlıq əsrlər keçsə də, dəyişməyərək, müasir cəmiyyətimizin xarakterik xüsusiyyətinə çevrilib. Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır".
S. Qafarova vurğulayıb ki, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib: "Dünyada sivilizasiyaların toqquşması prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda ölkəmiz sabit və tolerant mühiti ilə diqqət çəkir. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Üstəlik, bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi də həm ölkəmizin inkişafından, həm də dünyaya açıq olmasından xəbər verir. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır. Xalqların daim tolerantlıq şəraitində və təhlükəsizlik mühitində yaşadığı Azərbaycan ayrı-ayrı dinlərin, millətlər və toplumların inteqrasiyasında müstəsna rol oynayıb".
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2016-ci ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm modelinin dünyaya təqdim olunması baxımından çox əhəmiyyətlidir. Qeyd edib ki, bu eyni zamanda, ölkəmizin dünyada sülh və barışa, mədəniyyətlər arasında dialoqa nə qədər əhəmiyyət verdiyini bir daha nümayiş etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB