Makedoniyada beynəlxalq tədbirdə Azərbaycan guşəsi

Makedoniyada beynəlxalq tədbirdə Azərbaycan guşəsi

15 oktyabr 2015-ci il tarixində Makedoniya Respublikasının paytaxtı Skopye şəhərinin tarixi "Kursumli An" karvansaray-mehmanxanasında Makedoniya ilə on doqquz ölkə və dörd beynəlxalq təşkilat arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.

Yubiley tədbirində Azərbaycan, Səudiyyə Ərəbistanı, Rumıniya, Moldova, Hindistan, Estoniya, Antiqua və Barbuda, İran, Liviya, Ukrayna, Sinqapur, Qazaxıstan, Monqolustan, Litva, ABŞ, Yunanıstan, Avstraliya, İsrail və Omanın nümayəndələri, eləcə də NATO, Avropa Şurası, ATƏT və Ümumdünya Turizm Təşkilatının təmsilçiləri iştirak etmişlər. Tədbirdə həmçinin, digər ölkə və beynəlxalq təşkilatların Skopye şəhərindəki nümayəndəliklərinin təmsilçiləri, Makedoniya hökumətinin rəsmiləri, biznes və media dairələrinin, eləcə də müxtəlif dərnəklərin mənsubları qatılmışlar.

Tədbir zamanı Azərbaycan Respublikasının Türkiyə Respublikasında, eyni zamanda Makedoniya Respublikasında akkreditə olunmuş Səfirliyi tərəfindən tərtib edilmiş və Azərbaycan-Makedoniya bayraqları ilə bəzədilmiş guşədə ölkəmizin turizm potensialı, mətbəxi, xalçaçılıq sənəti, musiqi alətləri və digər sənətkarlıq nümunələrini təqdim edən, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitablar, bröşür və xəritələr nümayiş etdirilməklə yanaşı, tədbir iştirakçılarına paylanmışdır.

Qeyd etmək istərdik ki, tədbir zamanı müxtəlif ölkələrin guşələrinə baxış keçirən Makedoniyanın xarici işlər naziri Nikola Poposki Azərbaycan guşəsini də ziyarət etmiş və nümayiş etdirilən materiallarla tanış olmuşdur. Nazir Səfirliyin nümayəndəsi ilə söhbətində Makedoniyanın Azərbaycan kimi ağrılı tarixə malik olduğunu qeyd etmiş və bu bənzər tarixin hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırdığını ifadə etmişdir. Nazir həmçinin, Makedoniyanın Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlığa böyük önəm verdiyini, xüsusilə də "TANAP" və "TAP" layihələri tamamlandıqdan sonra ölkəsinin bu layihələr vasitəsilə daşınacaq enerji resurslarından yararlanmaq niyyətini dilə gətirmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə