"Güclü ordusu olan ölkə basılmaz"

Elçin Axundzadə: “Korrupsiyanı, rüşvətxorluğu aradan qaldırmaq üçün hamı buna qarşı mübarizə aparmalıdır“

SİA-nın əməkdaşı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin məzunu, politoloq Elçin Axundzadə ilə ordu quruculuşu, Silahlı Qüvvələrimizin tarixi, eyni zamanda təhsil aldığı məktəbin hərbi hazırlıqla bağlı gördüyü işlər barəsində söhbət edib. Həmin müsahibəni təqdim edirik.

- Siz keçmiş hərbiçi kimi Hərbi Məktəbdə təhsil aldığınız illəri necə xatırlayırsınız?

- Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə təhsil aldığım illər mənim həyatımda unudulmaz illər kimi yadda qalıb. Ulu Öndər ildə bir dəfə bizim məktəbə gəlirdi və bizimlə görüşüb, problemlərimizlə maraqlanırdı. Elə həmin dəqiqə də problemlərimizi həll edirdilər. Ulu Öndər bizə "nəvələrim" deyirdi. Həm də bu sözlərin bizim yaddaşımıza həkk olunması üçün tez-tez deyirdi: "Ordu hər bir millətin, ölkənin sütunu deməkdir. Siz də çalışın yaxşı oxuyun ki, peşəkar zabit ola biləsiniz". Deməlı, dahi rəhbər bilirdi ki, biz, onun yetirmələri gec-tez Vətənin torpaqlarını qoruyacağıq. Ona görə də Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdanda öncə C.Naxçıvanski adına Hərbi Məktəbin məzunlarına müraciət etdi ki, "Vətən dardadır və sizin kimi mütəxəssislərin köməyinə xalqımızın böyük ehtiyacı var". Müasir Azərbaycanın ideya müəllifi, memarı, qurucusu Heydər Əliyevin bu cağırışına mən də yüzlərlə zabit kimi səs verərək, Azərbaycana qayıdıb və Qarabağ döyüşlərində birinci gündən atəşkəs imzalana qədər vəzifə borcumu yerinə yetirdim. Bir zabit və vətəndaş kimi burada torpaqlarımızı qorumaq üçün əlindən gələni etdim.

- Əldə etdiyimiz məlumata görə, Ulu Öndər sizin ali hərbi təhsil almağınızı da tövsiyyə edib.

- Bilirsiniz ki, Sovetlər Birliyində 350 milyondan çox əhali yaşayırdı. Hərbi Ali Məktəblər də əsasən slavyan respublikalarında idi. Həmin məktəblərə də əsasən sərkərdə Suvorovun adı qoyulurdu. Bu hərbi məktəblər və Ali Məktəblər də Sovet ordusu üçün peşəkar zabitlər yetişdirirdi. Amma yeganə müsəlman ölkəsi olan Azərbaycanda da Ulu Öndərin sayəsində hərbi məktəb yaradılmışdı və bu məktəbə də, böyük sərkərdə, 1937-ci ildə repressiyanın qurbanı olan Cəmşid Naxçıvanskinin adı verilmişdi. Məktəbin direktoru polkovnik Rauf Quliyev, məşhur bəstəkar Tofiq Quliyevin qardaşı idi. Yüksək dərəcəli ziyalı insan və böyük təşkilatçı idi. O da Heydər Əliyevin ideyalarının böyük təbliğatçısı kimi bizim yaxşı oxumağımız üçün əlindən gələni edirdi. Ulu Öndər də ona inandığına görə, onu tam dəstəkləyirdi. Bax bu iki böyük şəxsiyyətlərin yetişdirdiyi hərbiçilər də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildə Azərbaycanı vətəndaş qırğınından və parçalanmaqdan qorudular. Hərbi məktəbin yetirmələri içərisində bu gün Azərbaycan xalqına və dövlətinə layiqincə xidmət edən bir neçə generalların adını xüsusulə çəkmək istəyirəm. Onlar - Azərbaycan Prezidentinin müşaviri qeneral-polkovnik Vahid Əliyev, müdafiyə naziri qeneral-polkovnik Zakir Həzənov, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev, Müdafiyə Nazirinin müavini, general-mayor Qorxmaz Qarayev və bütün varlıqları ilə Azərbaycana sadiq olan başqa generalları, zabitləri də misal göstərə bilərəm. Bəli, Ulu Öndər hər dəfə bizimlə görüşəndə, məsləhət verirdi ki, biz hökmən təhsilimizi Ali Hərbi Məktəblərdə davam etdirək. Hətta Rusiyanın ən ucqar yerlərində olsa belə Hərbi Akademiyalarda təhsilimizi davam etdirək. Hərbi qoşunlarda xidmət etməklə də təcrübəmizi artiraq. Sonra da yüksək təcrübəli zabit kimi Azərbaycana qayıdaq. Hətta məktəbin direktoru Rauf müəllim bizi təmtəraqla, öz övladları kimi Ali Hərbi Məktəblərdə oxumaq üçün yola salırdı. Şəxsən mən Rauf Quliyevin təşəbbüsü və təklifilə keçmiş Sovetlər Birliyində yeganə maliyyə məktəbi olan Yaroslavl Ali Hərbi Məktəbə oxumağa göndərilmişəm.

- Cəmşid Naxçıvanski adına Hərbi məktəbə həmin vaxtlar Azərbaycanin hər bölgəsindən uşaqlar qəbul olunurdu. Bəs bu uşaqlar arasında münasibət necə idi?

- O məktəbə təkcə Azərbaycandan yox, başqa yerlərdən ruslar, tatarlar və başqa millətlərdən olan nümayəndələr də oxumağa gəlirdilər. Orada hamımızı bir amal birləşdirirdi, Vətənə sədaqətlə xidmət etmək. Təhsil alandan bir il sonra biz ulu öndər Heydər Əliyevə sədaqətimizi bildirmək üçün onun qarşısında and içirdik. Hamımızın da biri-birimizə qardaş münasibəti vardı. İndi hər ilin bir günü C.Naxçıvanski adına Hərbi Məktəbi bitirənlər bir yerə yığışırıq. Vəzifəsindən, statusundan asılı olmayaraq, istər hərbiçi, istər iş adamı olsun, dünyanın hər yerindən məzunlar burada, bu görüşdə iştirak edirlər.

- Ordumuzun indiki vəziyyətinə sizin münasibətiniz necədir?

- İndiki müdafiə naziri general-polkovnik Zakir Həsənov orduda doğrudan da böyük işlər görür. Keçmişdən qalmış kifayət qədər neqativ hallar vardı. O, həmin neqativ hallari təmizləyir. Vaxtilə incidilən, hərbi rütbələri alınan zabitlərin hüquqlarını bərpa eləyib. Mən də keçmiş zabit və indiki "Qüdrətli Azərbaycan" adlı QHT rəhbəri kimi ürəyim Azərbaycan Ordusu ilə döyünür. Amma bəzi neqativ halları görəndə ürəyim ağrıyır. Çünki Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Korrupsiyanı, rüşvətxorluğu aradan götürmək üçün hamı birləşməli və bünlara qarşı barışmaz mübarizə aparmalıdır. Azərbaycan prezidenti İlham Əliyev cənabları bununla bağlı keçirdiyi müşavirədə xalqa müraciət elədi və dedi ki, əgər korrupsiya və rüşvətxorluqla bağlı neqativ hallar varsa qorxmayın, bizə müraciət edin. Onu da vurğuladı ki, hansi bir təşkilatda dövlətin pulu oğurlanırsa, qanunsuzluq baş verirsə, bunu dövləti cinayət kimi qiymətləndirmək lazımdır. Həmin adamlara qarşı sərt mübarizə aparılmalıdır. Ona görə də mən Müdafiə Nazirliyində olan rəsmi orqanlara müraciət edib deyirəm ki, mən də keçmiş hərbçi kimi əlimdən gələn köməyi etməyə hazıram.

- General-polkovnik Zakir Həsənov müdafiə naziri olandan sonra orduda böyük dirçəliş başlayıb. Bu haqda keçmiş zabit kimi nə deyə bilərsiniz?

- O, C.Naxçıvanski adına Hərbi Məktəbin məzunu kimi qanında, canında böyük vətənpərvərlik hissi var. Zakir Həsənov Daxili Qoşunların komandanı olanda ölkə başçısı gördü ki, orada necə böyük əhval-ruhiyyə, nizam-intizam var. Ona görə də ona belə böyük vəzifə etibar etdi. Zakir Həsənov da elə ilk gündən cəbhə bölgəsində olan əsgərlərimizin yanındadı. Onların bütün problemlərini də həll edir. Çünki cənab nazir və rəhbərlik etdiyi komanda onun göstərdiyi qayğı nəticəsində əsgər heyyətini təsərrüfat işlərindən ayırıb, bütün növlər üzrə təminat yüksək səviyyəyə çatdırılıb və onlar da sırf döyüş hazırlığı ilə məşğul olurlar. Cənab Zakir Həsənovun sayəsində orduda psixoloqlar işləyir və onlar da əsgərlərə böyük köməkliklər göstərirlər. Bununla da bütün hərbi qulluqçularda patriotik, Vətənə sevgi hissləri pik həddinə çatdırılır. Beləliklə də Zakir Həsənov xalqın orduya və ordunun xalqa inamını geri qaytardı. Biz də QHT-də olan komandamızla Zakir Həsənovu dəstəkləyirik. İnanırıq ki, əgər yaxın vaxtlarda cənab Ali Baş komandan torpaqlarımızı azad etməyi əmr etsə ordumuz tezliklə Qarabağı düşmənlərdən azad eləyə bilər. Çünki buna bizim ordumuzun tam gücü və iradəsi çatar. Mən bunu Azərbaycan ordusuna bələd olan peşəkar zabit kimi deyirəm.

- Onda peşəkar zabit kimi sizə belə bir sual vermək istəyirəm. Axır vaxtlar ordudakı həbslərlə bağlı, bəzi hərbi birləşmələrdə Müdafiə Nazirliyi tərəfindən yoxlamalar gedir. Mediada bu haqda yazılar çap olunur. Bu haqda sizin fikriniz də oxucular üçün maraqlı olardı.

- Mən sizin verdiyiniz suala cavab verməmişdən əvvəl İlham Əliyev cənablarının toplantıda dediyi tövsiyyələrlə başlamaq istəyirəm. Ölkə başçısı belə dedi: " Korrupsiya və rüşvətxorluq böyük bəladır. Və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin". İnanıram ki, həmin hərbi birləşmələrdəki yoxlamalar da dəqiq və şəffaf aparılacaq və oğurluğun mənbəyi, kimlər tərəfindən yaranma səbəbləri aydınlaşdırılacaq.

- 1992-cü ildə Azərbaycana qayıdanda siz nələrlə rastlaşdınız?

- Biz Ulu Öndərin səsinə səs verərək, Azərbaycana qayıtmışdıq. Amma həmin vaxtlar xaos və Xalq Cəbhəsinin yarıtmaz fəaliyyəti nəticəsində yaranmış dərəbəylik hökm sürürdü. Hər bir partiyanın öz batalyonu vardı. Kim nə istəyirdi onu da edirdi. Çünki bir komandanlıq yox idi. Məhz ulu öndər Heydər Əliyevin sayəsində ümümi bir komandanliq yaranmağa başladı. Ordunun təməli də dahi rəhbər tərəfindən qoyuldu. Orduda bu günkü təminatı da, nizam-intizamı da Ulu Öndər və onun layiqli davamçısı İlham Əliyəvlə əlaqələndirə bilərəm. Çünki bu dahi rəhbərlər Azərbaycan ordusunun dirçəlməsi üçün böyük işlər görüblər.

- Siz 2014-cü ildən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının üzvü olmusunuz. Məgər bu partiyanın üzvü olmadan, dövlətçilik ideyalarını dəstəkləyə bilməzdinizmi?

- Mən Cəmşid Naxçıvanski adına Hərbi Məkdəbdə oxuduğum illərdən ulu öndər Heydər Əliyev biz tələbələrin idealı olub. Məhz bu məktəbin məzunları da Azərbaycanın müstəqilliyini qorumaqda, dövlət çevrilişının və qardaş qirğının qarşısını almaqda, qanı və canı ilə dövlətə və Prezidentə sadiqliyini əyani olaraq sübut etdilər və ölkəmizi çox bəlalardan qorudular. Mən həmişə deyirəm ki, biz hələ də Ulu Öndərin dahiliyini tam dərk edə bilmirik. Ona görə də bir fikri qətiyyətlə deyirəm ki, Azərbaycan və onun vətəndaşları Sovetlər dövründə və ondan sonra nə nailiyyətlər qazanıblarsa buna görə, Heydər Əliyevə minnətdar olmalıdırlar. Mən də onun yaratdığı partiyanın üzvü olmaqla özümü xoşbəxt insan sayıram. Həyatda nə nailiyyətlər əldə etmişəmsə məhz dahi rəhbərə borcluyam. Gəlin onu da danmayaq ki, Heydər Əliyev olmasaydı və hakimiyyətə gəlməsəydi 1993-cü ildə Azərbaycan parçalanacaqdı, qardaş qırğını olacaqdı və bəlkə heç Azərbaycan adlı ölkə də olmayacaqdı. Qətiyyətlə onu da deyə bilərəm ki, İlham Əliyev də Ulu Öndərin layiqli davamçısı olmaqla, 2003-cü ildən bu yana Prezident olaraq xalqa verdiyi sözlərə tam əməl edib. O, xalqa söz vermişdi ki, 500 min iş yeri açacaq, əvəzində 840 min daimi iş yeri açıb və bu iş indi də davam edir. İlham Əliyevin sayəsində Avropa və Asiyanı birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun son tamamlanma işləri gedir. Prezidentin sayəsində neft, qaz Avropa ölkələrinə çatdırılmaqla həmin ölkələri bəzi qonşu dövlətlərin asılılığından azad edib. Hörməti Prezidentin apardığı müdrik siyasətin sayəsində Azərbaycan dünyada tolerant və multikulturalist dövlət kimi tanınır. 18 may 2015 -ci ildə Bakıda keçirilən "Üçüncü dinlərarası multikulturalizm dialoqu" buna bariz sübutdur. 100 ölkədən 200 insanın qatıldığı bu tədbirdə bir daha sübut olundu ki, Azərbaycanda fundamental din, siyasi, media və internet azadlıqları tam təmin olunub. Bunlar isə inkişafın əsas meyarlarından biri hesab olunur. Belə müsbət, sağlam, müdrik, balanslaşdırılmış siyasətə görə, dünyanın hegemon dövlətlərinin prezidentləri İlham Əliyevə çox böyük hörmətlə yanaşırlar. Məhz İlham Əliyevin apardığı müdrik, məqsədyönlü siyasətin bariz nümunəsidir ki, Azərbaycan 155 dövlətin verdiyi səs nəticəsində BMT-nin qeyri-daimi üzvü seçildi. Neft və qeyri-neft sektorunun inkişafı, dövlət tərəfindən dəstəklənməsi sayəsində Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyatının rəqabətə görə, dünyada 38-ci yerdə olmasını xüsusi ilə qeyd etdi və bunu da tarixi nailiyyət kimi qiymətləndirmək olar. Bütün bu müsbət işlər isə ölkəmizdə keçirilən reformaların sayəsində əldə olunub.

Gələn il şahmat üzrə dünya çempionatı, "Formula-1" üzrə yarışlar, 2017-ci ildə isə İslam Dövlətlərinin üçüncü Olimpiya yarışlarının da Azərbaycanda keçirilməsi təsadüf sayıla bilməz. Məhz İlham Əliyevin sayəsində XXI Əsrin Müqaviləsi olan "Şahdəniz-2" qaz yatağının tikintisinə başlanıldı və yaxın illərdə Azərbaycan büdcəsi 200 milyard dollar vəsait əldə edəcək. Kosmos sahəsində Azərbaycanın milli peyki orbitə çixarıldı. Bütün bunlar da böyük nailiyyətlərdir.

- Bilirsiniz ki, ATƏT parlamentində bəzi əcnəbi deputatların Azərbaycanla bağlı qərəzli, ədalətsiz fikirləri, təklifləri səslənib. Bu haqda nə deyə bilərsiniz?

- Bəzi əcnəbi deputatlar bir daha sübut etdilər ki, onlar erməni diasporası tərəfindən maliyyələşdirilirlər və bu təklifləri, fikirləri də onların erməni biznesmenlərinin qarşısında hesabatı kimi qiymətləndirmək olar. Bilirsiniz ki, Azərbaycanla hədə qorxu, şantaj dili ilə, danışmaq artıq mümkün deyil. Çünki Azərbaycanın iqdisadiyyatı artıq davamlı, dayanıqlı və şaxələnmiş formada inkişaf edir. Qeyri neft sektorunun inkişafi və onların dəstəklənməsi nəticəsində isə büdcə neft asılılığından minimuma endirilib və bu prosess davam etdirilir. Xalqımız görür ki, Azərbaycanın Prezidenti sərt formada dünyada keçirilən forumlarda, iclaslarda dövlətimizin maraqlarını layiqincə qoruyur. Ona görə də Azərbaycan xalqı da tam olaraq cənab İlham Əliyevi dəstəkləyir və ona inanır. Əgər ATƏT Parlament Assambleyasının deputatları ədaləti, qanunu əldə rəhbər tuturlarsa, nəyə qörə Azərbaycanın bir milyon qaçqınının haqlarını, hüquqlarını müdafiə etmirlər? Nəyə görə BMT-nin 4 qətnaməsinin həyata keçirilməsini Ermənistandan tələb etmirlər və onlara qarşı sanksiyalar tətbiq etmirlər? Dədə-baba gəbirstanlığını ziyarətə gedən 2 azərbaycanlı qanunsuz olaraq Ermənistan dövləri tərəfindən həbs olunub və nəyə görə həmin deputatlar tərəfindən onların azadlığa çıxması erməni rəhbərlərındən tələb olunmur?

Görürsünüzmü. Suallar çoxdur, amma təəsüflər olsun ki, cavablar yoxdur.

Onu da vurğulamaq istəyirəm ki, cənab prezident İlham Əliyev, təkcə Azərbaycanda yox, dünyada çoxlu işlər görür. Bax buna görə də qətiyyətlə deyə bilərəm ki, Azərbaycanda prezident kimi İlham Əliyev cənablarının alternativi yoxdur. O, özünün müdrik siyasəti, yüksək ordu quruculuğu, dövlətin iqtisadiyyatını yüksəltməklə Azərbaycanı böyük, işıqlı sabaha aparır. Mən buna qətiyyətlə inanıram. İnam isə həyatin sərmayəsi deməkdir. Öz prezidentinə və ordusuna inanan xalq isə həmişə böyük qələbələrə imza atır.

Ağalar İDRİSOĞLU,

Yazıçı, rejissor, publisist, jurnalist

Prezident mükafatçısı, Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə