Gəncə Telekommunikasiya İdarəsi şəhərin yeni salınan qəsəbələrində yaşayan əhalinin rabitə xidmətindən istifadə etməsi üçün əraziyə yeni telefon xətlərinin çəkilişini həyata keçirir. Görülən işlər çərçivəsində yeni salınan Cavadxan qəsəbəsində ATS binası da inşa edilib. Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən məlumat verilir. Xəbərdə bildirilir ki, artıq bir neçə müddətdir ki, Gəncə şəhər Telekommunikasiya İdarəsi tərəfindən abonentlərə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması üçün əsaslı işlər həyata keçirilir. Aparılan işlər cərçivəsində köhnə rabitə xətləri müasir tələblərə cavab verən yeni optik kabellərlə əvəz olunub. Həmçinin bu günədək istifadə olunan paylayıcı şkaflar da yeniləri ilə əvəzlənib. Bu da öz növbəsində həm rabitə əlaqəsinin, həm də genişzolaqlı internet xidmətində keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Bununla yanaşı idarə şəhərin yeni salınan qəsəbələrində telefon xətlərinin çəkilişinə başlayıb və artıq işlər yekunlaşmaq üzrədir. Belə ki, Cavadxan qəsəbəsində 2048 nömrə tutumlu ATS quraşdırılıb. Eləcə də qaçqın şəhərciyində 2048 nömrə tutumlu ATS quraşdırılıb. Məhsəti Gəncəvi qəsəbəsində isə küçə tipli 2 ədəd hər biri 192 nömrə tutumlu optik şkaf quraşdırılıb. Məhsəti Gəncəvi və qaçqın şəhərciyində işlər tam yekunlaşıb və abonentlər telefon çəkilişi üçün dəvət olunublar. Cavadxan qəsəbəsində isə işlər bir ay müddətinə tam yekunlaşdırılacaq.
Qeyd edək ki, hazırda Gəncə Şəhər Telekommunikasiya İdarəsi 66 min abonentə xidmət göstərir. Yeni salınan qəsəbələrə telofon xətlərinin çəkilişindən sonra bu sayın 76 minədək artması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB