31 Mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə Daşkəsən rayon icra hakimiyyəti və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə iştirak edən iştirakçılar soyqırıma məruz qalan azərbaycanlıların ruhunu bir dəqiqilik sükutla yad ediblər.
Anım tədbirini Daşkəsən rayon icra hakimiyyəti başçısı Əhəd Abıyev açaraq, iki əsrdən çox xalqımızın ermənilər tərəfindən başına gətirilən müsibətlərdən bəhs edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hücum diplomatiyası, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə apardığı uğurlu təbliğat işləri nəticəsində ermənilərin qəddarlığı, haqsızlığı, Azərbaycan torpaqlarını işğal etmək niyyəti dünyaya bəlli olur. Ermənilərin özlərinin mütərəqqi fikirli adamları da bəzən həqiqəti etiraf etmək məcburiyyətində qalırlar: "Erməni tarixçisi V.İşxanyan "Qafqaz xalqları" kitabında qeyd edib ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Türkiyə və İrandan gəlmiş qaçqınlardır. Azərbaycan torpağı onlar üçün təqiblərdən və təhdidlərdən sığınacaq yeri olmuşdur. Yüzlərcə tarixi şəxsiyyətlərin bu cür fikirlərindən sitatlar gətirmək olar".
Soyqırımı ilə bağlı bir sıra tarixi aspektlərdən çıxış edən Əhəd Abıyav, həmçinin bildirib ki, erməni quldur dəstələrinin 1918-1920-ci illərdə xalqımıza qarşı apardıqları soyqırımı siyasəti nəticəsində yaranmış indiki Ermənistan adlandırılan tarixi torpaqlarımızda 565 min günahsız azərbaycanlılar vəhşicəsinə qətlə yetirilib: "Tarixi faktlar şəhadət verir ki, 1905-1907-ci illərdə silahlı mütəşəkkil erməni dəstələri Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda və Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qocaları, qadınları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 azərbaycan kəndi yerlə yeksan olunmuş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran qoyulmuşdur. Erməni vandalizmdən canını güclə qurtarmış on minlərlə azərbaycanlı öz yurd yerlərini tərk etmək məcburiyyətində qalmış, bununla da Azərbaycanda tarixi artıq bir əsrə yaxınlaşmaqda olan həqarətli qaçqınlıq ənənəsinin əsası qoyulmuşdur. Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkaranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz doğma yurdundan didərgin salmışlar. Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirmiş, Şamaxıda 7 min nəfərədək əhali, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüşdür. Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberiyasında 211, Qars vilayətində 92 kənd yandırılmış, dağıdılmış və talan edilmişdir".
Əhəd Abıyev dəyirma masa iştirakçılarına xatırladıb ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev ölkə Prezidenti kimi 26 mart 1998-ci il mart tarixdə, 31 Mart
Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilməsi barədə Fərman imzalayıb: "Həmin Fərman erməni ideloqlarının "məzlum erməni xalqının" soyqırımı ilə bağlı yalançı təbliğatını ifşa etməkdə, həqiqi soyqırımın köklərini açıb bütün dünyaya yaymaqdadır. Təcavüzkar və cəllad Ermənistanın əsl ünvanı beynəlxalq aləmdə artıq tanınmaqdadır. Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman bütün dünya azərbaycanlılarını düşmənə, terrora, mütəşəkkil ermənçilik siyasətinə qarşı mübarizədə sayıq və prinsipial olmağa qətiyyət, yekdillik və fəallıq nümayış etdirməyə səfərbər edən tarixi bir sənəddir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilmiş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə 4 qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir.Bu məsələdə ölkəmizin mövqeyi həmişə konstruktiv olub. Bunun əksinə olaraq, Ermənistan öz təcavüskar siyasətini yeritməkdə, Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqdadır. Bütün dünyaya məlumdur ki, sülh danışıqları məhz Ermənistanın qeyri - konstruktiv mövqeyi üzündən heç bir nəticə vermir. Artıq BMT-də, Avropa Şurası da Ermənistanı rəsmi şəkildə təcəvüzkar dövlət kimi tanıyıb. Bununla belə, beynəlxalq təşkilatların reallığı, ədaləti, beynəlxalq hüquq norma və prinsiplərini əks etdirən qərarları, qətnamələri icra olunmur".
Anım mərasimində Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Aidə Nağıyeva çıxış edərək, tarix boyu ermənilərin yaltaq, bic olması, eyni zamanda qəddarlığı barədə tutarlı faktlarla öz fikirlərini dəyirmi masa iştirakçılarına çatdırıblar. Çıxış edənlər bəşəriyyətə, insanlığa qarşı yönələn erməni vəhşiliklərinin cəzası qalmayacaqlarını bildiriblər.
R.KAMALQIZI


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB