Energetika nazirlərinin 4-cü qeyri-rəsmi Dialoq Görüşü keçiriləcək

Azərbaycan Respublikası Energetika Nazirliyində Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin 4-cü qeyri-rəsmi Dialoq Görüşü keçiriləcək. SİA-nın məlumatına görə, sentyabrın 8-də planlaşdırılan tədbirdə Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev, Gürcüstanın Energetika naziri cənab Kaxa Kaladze, Ukraynanın Energetika və kömür sənayesi naziri cənab Yuriy Prodan, Moldova Respublikasının İqtisadiyyat naziri cənab Adrian Kandu, Belarusun Energetika nazirinin müavini cənab Vadim Zakreviskiy, Avropa Komissiyasının vitse-prezidenti cənab Günter Ottinger və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub.

Görüşdə "Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində enerji təchizatı marşurutlarının diversifikasiyası və enerji təhlükəsizliyi" mövzusunda müzakirələr aparılacaq. Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin bundan əvvəlki qeyri-rəsmi Dialoq Görüşləri 5 iyun 2012-ci ildə Moldovanın paytaxtı Kişnyov şəhərində, 12-13 fevral 2013-c il tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə