YAP Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi”nin III turu başladı
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi"nin III turuna start verildi. Hər il olduğu kimi, bu il də "Yay məktəbi" ölkəmizin gözəl guşələrindən olan Lerik və Oğuz rayonlarında təşkil olunur. İyulun 20-dən 25-dək keçiriləcək Lerik turunda 80-ə yaxın gənc iştirak edəcək.
Beləliklə, iyulun 20-də Lerik rayonuna yollanan "Yay məktəbi"nin III turunun iştirakçıları Milli Məclisin deputatı Sevinc Hüseynovanın rəhbərliyi ilə ilk olaraq Lerik rayon mərkəzində müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoydular. Sonra gənclər Heydər Əliyev Mərkəzində və Lerik Rayon "Uzunömürlülər" Muzeyində oldular.
Daha sonra rayon ərazisində yerləşən "Relax" istirahət mərkəzində "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin açılış mərasimi oldu. Gənclər qarşısında çıxış edən qrup rəhbəri, Milli Məclisin deputatı Sevinc Hüseynova həyata keçirilən layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs etdi. Bildirdi ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə
müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Millət vəkilinin çıxışından sonra proqrama uyğun olaraq YAP fəalı Lətifov Emilin moderatorluğu ilə "Sağlam həyat, sağlam gələcək" mövzusunda təlim keçirildi. Təlimdə bildirildi ki, bugünki gündə gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Bu baxımdan biomüxtəlifliyin tükənməsi, urbanizasiya, stress kimi ciddi problemlərin artdığı bir dövrdə əsrin xəstəlikləri hesab edilən QİÇS (qazanılmış immun çatışmamazlığı sindromu), narkomaniya, alkoqolizm, ürək damar, xərçəng xəstəlikləri geniş yayılmışdır. Belə bir dövrdə sağlamlıq haqqında biliklərə yiyələnmək və bu biliklərə riayət etmək hər bir gəncin başlıca vəzifələrindən biridir. Sağlam həyat tərzi hər bir yeniyetmənin, gəncin şəxsi seçim yolu və fərdi davranış sistemidir.
Təlimdə qeyd edildi ki, müasir cəmiyyətdə gənc nəslin sağlam yetişməsinə mane olan ən kəskin problemlər sırasında siqaretçəkmə, narkomaniya və spirtli içkilərin istifadəsi kimi vərdişlər gənclər arasında daha geniş yayılıb. Bu fəlakətli meyillər bütövlükdə cəmiyyətin həyatına mənfi təsir göstərir. Gənc nəslin sağlam böyüməsi üçün onlarda erkən yaşlarından sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir. Bu baxımdan təbii sərvətlərdən düzgün istifadə qaydalarının öyrədilməsi gənclərin sağlam ruhlu, sağlam düşüncəli, bir sözlə fiziki və mənəvi cəhətdən sağlam bir vətəndaş kimi tərbiyə edilməsinə kömək edir.
Gəncləri maraqlandıran suallar cavablandırıldıqdan sonra müxtəlif idman yarışları keçirildi. Günə interaktiv, intellektual oyunlarla yekun vuruldu.
Taleh Bağırov, "İki sahil"






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB