Fehmi Ərdoğan Azərbaycan dilinə şeir həsr edib

Fehmi Ərdoğan: Mən bir söz adamı kimi Azərbaycana, xalqlarımızın qardaşlığına olan ülvi hisslərimi şeirlərimlə tərənnüm edirəm-A +A
Fehmi Ərdoğan Azərbaycan dilinə şeir həsr edib

Xəbər verdiyimiz kimi, türkiyəli şair Fehmi Ərdoğan Azərbaycan dilinə şeir həsr edib. Onun şeirlərində Azərbaycan dilinin şirinliyi süzmə bala, rəvanlığı sayrışan ulduzlara, xalqımızın genetik səs tonu saz simlərindən qopan məlahətli musiqiyə bənzədilir.

Azərbaycan xalqına tükənməz məhəbbət bəsləyən şair AzərTAc-a müsahibəsində deyib: Keçmiş Sovetlər birliyi qapalı dövlət olduğu üçün o dövrdə Azərbaycan ilə əlaqələrimiz olduqca məhdud idi. Amma doğma Azərbaycanı xəyalən seyr edir, qəlbimizdə gəzdirirdik. Digər tərəfdən isə Azərbaycanda və Türkiyədə əlifbaların fərqli olması Azərbaycan nəşrlərini, mətbuatını oxumaq imkanlarımızı məhdudlaşdırırdı. 1969-cu ildən başlayaraq proseslər dəyişdi. Türkiyədə söz və mətbuat azadlığı mövcud olduğu üçün keçmiş Sovet dövründə rəsmi mərasimlərin birində ilk dəfə ulu öndər Heydər Əliyevin Azərbaycan dilində nitq söylədiyini eşitdik. O vaxt Türkiyə mətbuatı Ümummilli Liderin Azərbaycan dilində səlis və rəvan nitqini sensasiya kimi yaydı. Azərbaycandakı bu proses Türkiyədə müasir milli intibahın başlanğıcı kimi qəbul olunurdu. Təbii ki, o dövrdə televiziya və radio yayımlarının coğrafiyası indiki səviyyədə deyildi. Buna baxmayaraq, Azərbaycan haqqında məlumatlar əldə edir və bu xəbərlərə böyük bir qənimət kimi baxırdıq.

Türk ədəbiyyatı müəllimi, şair və tədqiqatçı kimi uzun illər Avropa məktəblərində dərs deyən Fehmi Ərdoğan Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına verdiyi töhfələrdən də danışaraq deyib: Füzulisiz, Nizamisiz, Nəsimisiz, Vaqifsiz, Natavansız dünya ədəbiyyatı yoxdur. Azərbaycan ədəbiyyatının korifeylərinin əsərləri dünya ədəbiyyatı xəzinəsini zənginləşdirir. Böyük ədiblərimiz özlərindən sonrakı nəsillər üçün geniş yaradıcılıq imkanları da formalaşdırıblar. Müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın qarşılaşdığı təlatümləri biz də yaşadıq. Şükürlər olsun ki, Ümummilli Liderimiz Azərbaycanı təhlükələrdən xilas etdi və siyasətin ən uca zirvələrini fəth edərək bütün dünyanın heyranlıqla baxdığı Heydər Əliyev zirvəsini yaratdı. Azərbaycan ədəbiyyatı tarixin heç bir dövründə indiki qədər tanınmamışdı və inkişafda olmamışdı. Ölkənin və xalqın tanınmasında bədii ədəbiyyat, o cümlədən poeziya böyük imkanlara malikdir. Sevindirici haldır ki, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev bu işlərə böyük diqqət və qayğı göstərir. Mən də bir ədəbiyyat adamı kimi, Azərbaycana, qədim Qarabağımıza, hər qarış torpağımıza, bütün türk dünyasına, xalqlarımızın qardaşlığına olan ülvi hisslərimi şeirlərimlə tərənnüm edirəm.

Sabir Şahtaxtı

Bütün xəbərlər Facebook səhifəmizdə