Çoxsaylı vətəndaşlar qondarma tikinti şirkəti kimi cəmiyyətdə özünə mənfi imic qazanan "Fəqan-1" MMC-nin qurbanı olmaqdadır. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin şirkət rəhbəri Rəşid Hüseynovun özbaşınalıqlarına göz yumması təəccüb doğurmaqla yanaşı, şübhəli məqamlar yaradır. Ötən nömrəmizdə də qeyd etdiyimiz kimi mənzil sahibi olmaq arzusu ilə ilkin olaraq 16 min manat pulunu "Fəqan-1" MMC-yə ödəyən ancaq aldadılan Zaur Bulaqov iddia edir ki, dəfələrlə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, eləcə də Nərimanov rayon prokurorluğuna və polis idarəsinə dələduzluq faktı ilə bağlı şikayət etsələr də şikayətlərinə baxılmayıb: "Nərimanov rayon prokurorluğundan mənə dedilər ki, başqaları 150-200 min zərər görüb, sənin cəmi 16 min manat pulun əlindən alınıb. Deməli, bəxtin gətirib".
Bizimlə söhbətində Nərimanov rayon prokurorluğunun Rəfael adlı əməkdaşının dediyinə görə, prokurorluqda məsələ ilə bağlı məlumatı olan şəxs yoxdur: "Yaxşı olardı ki, Nərimanov rayon Polis İdarəsinə müraciət edəsiniz. Bəlkə onlar nəsə bilirlər".
Fırıldaqçı aradan çıxmaq istəyir
Redaksiyamıza daxil olan şikayət məktublarına əsasən, demək olar ki, "Fəqan-1" MMC-nin sahibi Rəşid Hüseynovun hədəfinə çevrilən təkcə Zaur Budaqov deyil. Ümumilikdə 104 nəfər tikinti şirkətinin fırıldağının qurbanı olub. Dələduza isə gözün üstə qaşın var deyən yoxdur. Şikayətçinin qeyd etdiyinə görə, Rəşid Hüseynovun özündən razı halda qudurğanlıq etməsinin başlıca səbəbi onun hüquq-mühafizə orqanlarındakı dostları ilə yanaşı, millət vəkili Əliağa Hüseynovaya və İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevə arxalanmasıdar: "Rəşid Hüseynov İmişli rayon icra hakimiyyəti ilə geniş iş birliyi nəticəsində özünə rayonda obyektlər qurub. Dələduz şirkət rəhbərinin İmişlidə fermer təsərrüfatı və şadlıq evi var. Deyilə görə ona bütün bu imkanları İmişli rayon icra hakimiyyətinin başçısı yaradıb".
Maraqlıdır ki, şikayətçilər faktların dili ilə danışsalar da, İmişli rayon icra hakimiyyətindən daş atıb, başlarını tutdular. Rayon icra hakimiyyətinin başçısının müavini Səlim Mövsümov bizimlə söhbətində sahibkar Rəşid Hüseynovun səviyyəsizin biri olduğunu söylədi. Qısaca onu da bildirdi ki, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin onunla hər hansı bir formada əlaqəsi mövcud deyil.
Şikayət məktubunda adları keçən bəzi vəzifəli şəxslərin fikirlərini də öyrəndikdə, onlar Rəşid Hüseynov adlı şəxsi tanımadıqlarını və fırıldaqçı haqqında ciddi ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarının hərəkətə keçməsinin vacib olduğunu bildirdilər.
Burada da aldığımız məlumata görə, "Fəqan-1" MMC-nin sahibi Rəşid Hüseynov vətəndaşların haqlı ittihamlarından gizlənə bilməyəcəyini başa düşdüyündən, aradan çıxmağa hazırlaşır. Bu barədə məlumat verən "Fəqan-1" MMC-nin adının çəkilməsini istəməyən payçılarından birinin dediyinə görə, R.Hüseynov Rusiyaya qaçmaq üçün hazırlığa başlayıb.
Rəşid Hüseynovu Söyün Sadıqova nə bağlayır?
Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, Rusiyada yaşayan "Azərros" şirkətinin sahibi Söyün Sadıqov Rusiya "KQB"-sinin sukasıdır. Onun işi-gücü, əsas fəaliyyət istiqaməti də "KQB"-nin müəyyən tapşırıqlarına əsasən Azərbaycan dövləti və xalqı haqqında Rusiya cəmiyyətində mənfi rəy formalaşdırmağa çalışmaqdır. Dəfələrlə Rusiyadakı diaspora üzvləri Söyün Sadıqovun xəyanətkar əməllərinə görə bir növ onu pis günə salıblar, amma nə yazıqlar ki, bu bədbəxt müstəqil olmadığından vurulan təpiklərdən, üzünə deyilən təhqirlərdən nəticə çıxarmayıb. Demək olar ki, bir qədər də abırsız mövqeyini ortaya qoyub, düzəlməsi çətin olan məxluqatlardan olduğunu nümayiş etdirib.
Diqqətçəkən, həm də maraqlı məqam ondan ibarətdir ki, S.Sadıqovun ətrafında ancaq özü kimi dələduzlardır. Rəşid Hüseynov da S.Sadıqovun yanında olan dələduzlar şəbəkəsinə qoşulmağa hazırlaşdığı bildirilir. Qeyd edək ki, R.Hüseynov dəfələrlə Moskvaya gedərək S.Sadıqovla söhbətlər aparıb, ondan müəyyən təlimatlar alıb. R.Hüseynova nifrət edən Sahib Quliyev adlı şikayətçinin dediyinə görə, bir neçə dəfə R.Hüseynovdan pullarını və ya mənzillərini istədikdə, mənzil dəllalı onları S.Sadıqovla hədələyib: "R.Hüseynov utanıb-çəkinmədən əlinin uzun olduğunu, onu İmişli rayon icra hakimiyyətindən, hətta Rusiyada "söz sahibi" olan şəxslərdən biri olan Söyün Sadıqovun ona dəstək verdiyini bildirib. R.Hüseynov deyirdi ki, ona Moskvadan biznesini genişləndirmək üçün dəvətlər gəlib. O isə bu dəvətləri dəyərləndirməyə tələsməyib".
Şikayətçi S.Quliyevin, eləcə də Zaur Budaqovun iddialarına görə, R.Hüseynov Azərbaycandan qaçıb S.Sadıqova sığındıqdan sonra pullarını almaqdan ümidlərini tamamilə itirmiş olacaqlar. Şikayətçilər qəzetimiz vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət edərək, R.Hüseynovun Azərbaycan sərhədlərini keçməsinə imkan verməmələrini xahiş edirlər.
İ.ƏLİYEV
P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir, yenidən bu mövzuya qayıdacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB