İl ərzində 20-dən çox bal toplayanlar sürücülük hüququndan məhrum ediləcək yenilik
İnzibati Xətalar Məcəlləsi və "Yol hərəkəti haqqında" qanunlara edilən dəyişikliyə görə, sürücü ilə yol polisi əməkdaşları arasında birbaşa əlaqələr minimuma endirilir. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli bildirib ki, bu yaxınlarda ölkə başçısı "ASAN xidmət" mərkəzinin tətbiq etdiyi xidmətlərin genişləndirilməsi ilə bağlı fərmana dəyişiklik etdi: "Bununla əlaqədar yol hərəkəti qaydaları ilə bağlı inzibati xətalara dair işlərə baxılması qaydası və nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı daha şəffaf və operativ mexanizmlərin tətbiq olunması nəzərdə tutuldu".
İnzibati Xətalar Məcəlləsindəki dəyişiklilərə görə, məcəllənin 151.4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər 1 il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır. Eyni zamanda məcəllənin 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulan xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xətalar 5 balla qiymətləndirilir. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur.
Komitə sədri onu da qeyd edib ki, nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və elektron ünvanını, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər: "Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir".
Komitə sədri həmçinin əlavə edib ki, "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyə görə sürücü ilə yol polisi əməkdaşları arasında birbaşa əlaqələrin minimuma endirilməsi nəzərdə tutulur: "Qanunda sürücülər hansısa narahatlıq doğuran məsələ olduğu zaman məhkəməyə müraciət etmək imkanı əldə ediblər. Bir sıra hallarda şirkətlər və həmin şirkətlərə məxsus avtomobillərin sürücüləri yol hərəkəti qaydasını pozduqlarına görə məsuliyyətə cəlb olunurdular. İndi təklif olunan dəyişiklik isə vadar edəcək ki, hüquq şəxslər və nəqliyyat sahəsində məşğul olanlar əgər sürücülər dəyişirsə, bu barədə mütləq dövlət yol polisinə məlumat versinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB