Ötən il 11 sosial dəstək mərkəzinə 2222 müraciət daxil edilib

Ötən il 11 sosial dəstək mərkəzinə 2222 müraciət daxil edilib

"Hər bir regionun özünü daha qabarıq göstərən problemləri var. Məsələn Zaqatala, Göygöl rayonlarında erkən nigahlar haqqında danışa bilmərik. Çünki, bu zonanın insanları daha mütərəqqi insanlardır və onlar üçün övladlarının təhsili daha vacibdir. Amma digər zonalarda vəziyyət fərqlidir". Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqova uşaq hüquqları ilə bağlı keçirilən dəyimi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, komitə hər zaman uşaqların internat evlərindən ailələrə verilməsinin tərəfdarıdır: "Lakin regionların hamısında bu cür xidmət sahələri olmadığı üçün valideynlər sağlamlıq imkanları məhdud olan uşaqları ilə məşğul olacaq kifayət qədər ixtisaslı və ya mütəxəssis tapa bilmirlər. Kadr çatışmazlığı ucbatından uşaqlar regionlardan şəhərə gətirilərək internat evlərinə verilir".

Komitə nümayəndəsi vurğulayıb ki, regionlarda dəstək mərkəzlərinin çox olması və insanlara sosial yardımların göstərilməsi mövcud problemlərin bir qədər azalmasına gətirib çıxarır: "2013-cü ildə 11 sosial dəstək mərkəzinə 2222 müraciət daxil edilib. Onlardan 1017-si uşaq məsələləri ilə bağlı olub. 6900 nəfər mərkəzin təlim və müxtəlif xidmətlərindən istifadə ediblər. 16 erkən nigah faktı aşkarlanıb, 11-nin qarşısı alınıb. Erkən nigahların qarşısının alınması məqsədilə "Ailəyə məktub" aksiyası çərçivəsində 12139 ailəyə məktub paylanıb. 27 ailə barışdırılıb, 11 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb".

Bütün xəbərlər Facebook səhifəmizdə