QİÇS haqqında qanuna dəyişikliklərlə bağlı yeni təkliflər irəli sürülür

Bu gün Avropa Qonşuluq və Əməkdaşlıq ölkələrində HİV-AİDS-in profilaktikası və müalicəsi ilə bağlı qeyri hökumət təşkilatlarının bilik və bacarıqlarının artırılması layihəsi çərçivəsində dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə keçirilib.

Dəyirmi masada Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Sosial Siyasət Komitəsinin rəhbəri Hadı Rəcəbli, ARGTMŞ-ın sədri Şahin Seyidzadə, UNİCEF-in Azərbaycan üzrə direktorunun müavini Rəşid Mustafa və sağlam həyat tərzinin təbliğatçısı olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Dəyirmi masanın əsas müzakirə mövzusu Azərbaycanda QİÇS haqqında qanunun icrası və ona əlavə və dəyişikliklərin edilməsi məsələsi olub.

Layihənin rəhbəri Seymur Hüseynov layihə barədə məlumat verib. Bildirib ki, layihənin icrasına 2012-ci ildə başlanılıb və 2014-cü ildə başa çatacaq: "Azərbaycanda QİÇS haqqında qanun beynəlxalq standartlara cavab verir. Ancaq Azərbaycan Respublikası qanunvericiliyi yetkinlik yaşına (18 yaş) çatmayan şəxslərə valideynlərin və ya hüquqi qəyyumların iştirakı olmadan İİV/QİÇS üzrə tibbi müayinə keçməyə qadağa qoyur. Biz təklif edirik ki, QİÇS haqqında qanunda "yetkinlik yaşına çatmayan" söz birləşməsi "16 yaşına çatmayan" ilə əvəz edilsin. İkinci təklifimiz, qanunvericilikdə QHT-lərin İİV/QİÇS üzrə tibbi müayinələrin keçirilməsində iştirakı qeyd olunmayıb. Yəni qanunda bu məsələ qadağan olunur. Hesab edirik ki, qanunvericilikdə QHT-lərin İİV/QİÇS üzrə tibbi müayinələrin keçirilməsinə cəlb olunması (tibb işçilərinin içtirakı ilə) imkanını qeyd etmək lazımdır. Tibbi Müayinə və Məsləhətləşmə üzrə Milli Standartlarda gənclər və yeniyetmələrlə bağlı spesifik standartlar mövcud deyil. Qanunun bu hissəsinə Milli Standartlarda gənclər və yeniyetmələrlə bağlı müvafiq düzəlişlər daxil etməyi təklif edirik".

Çıxışı zamanı S.Hüseynov BMT-nin bu sahədə tövsiyyələrinin reallaşdırılmasının zəruri olduğunu vurğulayıb.

UNİCEF-in Azərbaycan üzrə direktorunun müavini Rəşid Mustafa isə mövzunun hamı üçün vacib olduğunu deyib: "Məsələnin bizə aidiyyatı olmaya bilər, lakin bu bacılarımızala, qardaşlarımızala və vətəndaşlarımızla bağlı ola bilər. Deyim ki, sözügedən mövzu kifayət qədər ölkə gündəmində diqqətdə olan bir mövzudur. İndiyədək Azərbaycanda QİÇS-lə bağlı vəziyyət yüksək həddə çatmayıb. Lakin bununla belə vəziyyat sabit də deyil".

R.Mustafa bildirib ki, bu, milli mentalitetə də əsaslanmır: "Çünki milli mentalitet bunun qarşısını ala bilmir. Deyim ki, QİÇS-ə yoluxanların 60%-dən çoxu narkotik istifadəçiləri tərəfindən baş verir. Azərbaycanda bu hal həyəcanvericidir. Sizin çox gözl labaratoriyalarınız və klinikalarınız oola bilər, lakin çalışmaq lazımdır ki, QİÇS-in qarşısı alınsın. Bu gün narkotik vasitələrlə QİÇS-ə yoluxanların göstəricisi müxtəlif ölkələrin hesablamalarına görə 300 min, ölkə üzrə 28 min, BMT-nin hesablamalarına görə isə 70 mindir. İnanıram ki, QHT-lər, həmçinin dövlət də bu yolda öz dəstəyini göstərəcək".

ARGTMŞ-ın sədri Şahin Seyidzadə isə görülən işləri yüksək qiymətləndirib. O bildirib ki, bu sahədə QHT və dövlət birgə çalışmalıdır.

Milli Məclisin Sosial Siyasət Komitəsinin rəhbəri Hadı Rəcəbli deyib ki, MDB məkanında QİÇS-lə bağlı ilk qanun Azərbaycan parlamentində qəbul olunub: "Biz 10 il sonra yenidən BMT-nin təkidi ilə bu qanuna yenidən nəzər salaraq 3 il əvvəl yeni qanun hazırladıq. Bu qanunla bağlı Avstriyanın Vena şəhərində 7 panel üzrə iclasda bu qanun Avropanın bir çoox ölkələrinə tövsiyə olundu".

Millət vəkili hesab edir ki, QİÇS-lə bağlı ayrıca dispanzerizasiya keçirilməlidir: "Belə ki, buna yoluxan gən qız və ooğlanlar ayrıca olaraq dispanzerizasiyadan keçirilməlidir. Bu gün görürük ki, gənc qızlar siqaret çəkir. Bu nə deməkdir? Təbii ki, müəyyən bir siqnaldır. Bunun qarşısı alınmalıdır".

Daha sonra çıxış edən Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev vurğulayıb ki, bu sahədə yaranan problemlərin qarşısının alınması üçün maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir: "Hesab edirəm ki, bu sahədə dünya təcrübəsinin öyrənilməsi də vacib faktorlardan birdir. Dünyada elə metodlar var ki, QİÇS-ə yoluxan şəxs cəmiyyətdən kənarlaşdırılır və xüsusi qəsəbələrdə müalicə olunur. Ancaq hesab edirəm ki, ən düzgün müalicə metodu marifləndirmə işinin gücləndirilməsidir".

Tədbirin sonunda digər iştirakçılar fikirlərini səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə