"Yeni Müsavat" qəzetinin ötən sayında Elşad Paşasoyun "Demokratik ölkələrə baxanda biz cəhənnəmdəyik..." sərlöhvəli yazısında görkəmli jurnalist, tarixi araşdırmaçı, professor Şirməmməd Hüseynovun yaradıcılığına həsr olunmuş məqalə dərc edilib. Lakin
Sözügedən məqalədə Şirməmməd Hüseynovun fikirləri təhrif olunduğuna görə, o bəyanatla çıxış edib və belə bir söz demədiyini bildirib.
Professor öz etiraz bəyanatında bildirib ki, jurnalistlər müsahibə alanda müsahiblərinin fikrlərini təhrif etməməlidirlər: "Hansı vicdansız deyə bilər ki, biz cəhənnəmdə yaşayırıq? Müstəqil dövlətdə cəhənnəm olmaz. Keçid dövründə çətinlik olar, nöqsan olar, çatışmazlıq olar, bunu cəhənnəm kimi təqdim etmək yaramaz….Niyə yazıda mənim dediyim "Vətən də bizimdir, millət də bizimdir, dövlət də bizimdir" sərlövhəsini qoymayıb? Jurnalistin, redaksiyanın müəllifin fikrinin ümumi ruhunu öz istədiyi kimi dəyişməyə haqqı yoxdur".
Məsələ ilə bağlı SİA-ya açıqlama verən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu hadisədən təəssüfləndiyini deyib. Baş redaktor sözügedən sərlöhvədə təhrifə yol verildiyini bildirərək, onu da etiraf edib ki, burada redkatorun da günahı var: "Bu məsələ ilə bağlı təəssüf edirəm. Orada fikir qırılıb. Yəni, bizim redaktorlarmızdan biri olan növbətçi redaktor tam olmayan bir fikiri başlıqa çıxarıb. Bu da təhrif yaradıb".
Sözügedən məqalənin haqlı narazılığa səbəb olduğunu bildirən "Yeni Müsavat" qəzetinin baş redaktoru məsələ ilə bağlı "musavat.com"da üzrxahlıq edildiyini və sabah qəzetdə də həmin üzrxahlığın çap olunacağını qeyd edib: "Təbii ki, bu haqlı narazılığa səbəb olub. Bununla bağlı həm müəllifin, həm də redaktorun heyətinin diqqətinə çatdırmışam ki, belə hallara yol vermək olmaz. Biz artıq bununla bağlı üzrxahlığımızı "müsavat.com" saytında dərc etmişik. Eyni təkliflə üzrxahlığımızı "Yeni Müsavat" qəzetində də sabah verəcəyik".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB