Bu gün dünyada qloballaşma, sərhədsizləşmə prosesi ilə paralel addımlayan, lakin onlara nisbətən daha görünməz olan bir proses də var. Bu dünya xalqlarının sahib olduğu oxşar və bəzən də tamamilə eyni dəyər müstəvisində mənəvi bağlanma, yeni sərhədlər cızma prosesidir. Möhtəşəm tarixi keçmişə malik olan Azərbaycan və Türkiyə türklərini bu mənada açıq müstəvidə dövlətçilik ənənələri, tarixi bağlılıq, iqtisadi, siyasi məram birliyi bağlamaqla, bu dövlətləri "Bir millət, iki dövlət" kimi bir-birinə yaxın və doğma edib. Bu prosesin paralellərində dayanan və onu daha da sürətləndirən mənəvi bağların mövcudluğudur. Bu istiqamət mədəniyyət və mədəniyyətin ən qədim forması olan folklorla müəyyənləşir. Azərbaycan və Türkiyə türklərini bu gün bir-birinə daha da yaxınlaşdıran, onları bütün mənalarda vahid bir millətə çevirən amil məhz tarixi keçmişin, xalqın tarixi maraqlarının, istək və arzularının bir olması və bir-birinə hədsiz yaxın olan dildə ifadə edilməsidir.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi nizamnaməsinə uyğun olaraq, növbəti layihəsini Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan və türkiyə türklərinin folklor nümunələrinin, xüsusən də aşıq-ozan sənətinin təhlilinə həsr edilmiş elmi Konfrans keçirəcək.
Layihənin əsas məqsədi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının mədəni müstəvidə, aşıq-ozan sənəti timsalında elmi araşdırmalarla təhlilini aparmaq və gələcək araşdırmaçılar üçün ilkin mənbə formalaşdırmaqdan ibarətdir.
Aşıq-ozan sənəti xalqın həm mənəvi, həm də ictimai-sosial baxımdan arzu və istəklərinin ən gözəl və ən dolğun ifadəsidir. Aşıq Qurbani, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Ələsgər, Aşıq Şəmşir və paralel olaraq Miskin Abdal, Yunis İmrə, Aşık Yoksul Derviş, Pir Sultan Abdal, Aşık Musa türk əsilli bir millətin arzularını və niyyətlərini bir dildə, saz-qopuzda dilə gətiriblər.
Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr – 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Bu mənəvi yaxınlığın araşdırılmasına, bu əlaqələrin, mənəvi bağların ifadəsi olan aşıq və ozan sənətlərinin müqayisəli təhlilinə və nəticələrin gərəkli elmi mənbə kimi hazırlanmasına böyük ehtiyac var.
Təşkilatımızın da qatıldığı Cənubi Azərbaycan aşıqları və Türk ozanlarının da dəvət aldığı mədəniyyət tədbirlərində bu məsələlər haqqında çox danışılır və elmi mənbələrin yaradılması, davamlı olaraq konfransların keçirilməsi təklif edilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Azərbaycan Aşıqlar Birliyi ilə apardığımız məsləhətləşmələr də belə bir konfransın keçirilməsinə kifayyət qədər əsas verir. Adları qeyd edilən müəssisə və təşkilatlar bu layihənin icrası zamanı öz əməkdaşlarının da layihədə könüllü kimi iştirak edəcəyini bildiriblər.
Layihənin icrası zamanı iştirakçıların göstərilən istiqamətdə araşdırma yazıları konfrans materialları kimi qəbul ediləcək. Konfransda iştirak üçün Milli Elmlər Akademiyasının layihənin istiqamətinə uyğun bölmələrinin əməkdaşları, gənc alimlər, doktorant, dissertant, magistr və tələbələr elanlar vasitəsilə məlumatlandırılıb.
Konfrans keçirildikdən sonra, nəticələr dəyərləndiriləcək və bütün konfrans iştirakçıları, həmçinin xüsusi fərqlənən mühazirələr xatirə hədiyyələri və mükafatlarla təltif ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB