TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri komissiyasının 2-ci iclası Ankara şəhərində baş tutacaq. Qurumdan SİA-ya verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisində keçiriləcək iclasda "TÜRKPA üzv ölkələrində investisiya mühitinin yaxşılaşdırılması" mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılacaq.
Komissiyanın işində Qırğızıstan Parlamentinin millət vəkili, İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri komissiyasının sədri Kojobek Rıspayevin başçılığı altında, Azərbaycan, Qazaxıstan və Türkiyədən millət vəkilləri, TÜRKPA beynəlxalq katibliyinin əməkdaşları iştirak edəcək, komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, fikir mübadiləsi aparılacaq. Türkiyə Parlamentinin sədr müavini Sadık Yakutun komissiyanın iclasında iştirakı və qonaqları salamlaması nəzərdə tutulur.
Eyni zamanda iclasda, Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov və Türk Dünyası Bələdiyyələr Birliyinin Baş Katibi Mustafa Başkurtun iştirakı və çıxışları nəzərdə tutulub.
Komissiyanın iclasında, TÜRKPA-nın 2013-cü ilin iyun ayında Türkiyədə keçiriləcək 4-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə TÜRKPA üzv ölkələrində investisiya mühitinin yaxşılaşdırılması barədə hesabat sənədi və gələcək fəaliyyət üçün tövsiyə qərarının qəbul edilməsi gözlənilir. Həmçinin Komissiyanın 3-cü iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcək.
Qeyd edək ki, iclasda eyni zamanda, Ankarada yerləşən Azərbaycan, Qazaxıstan və Qırğızıstan səfirliklərinin nümayəndələrinin də iştirakı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB