Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onların vətənə sədaqət və məhəbbət ruhunda böyüdülməsi işləri Səbail rayonunda hər zaman diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq rayonun təhsil müəssisələrində II Dünya Müharibəsi, Qarabağ savaşının veteranları, hərbiçilərlə görüşlər keçirilir, yeniyetmə və gənclər rayonda yerləşən hərbi hissələrdə təşkil olunan tədbirlərdə iştirak edir, məktəblərdəki tədbirlərə veteranlarla yanaşı hərbi hissələrin əsgər və zabitləri də dəvət olunurlar. SİA-nın xəbərinə görə, Səbail rayonunda bu istiqamətdə keçirilən növbəti tədbir rayonun Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə şəhid Tofiq Məmmədovun xatirəsinə həsr olunmuş anım mərasimi olub. Tədbirdən əvvəl məktəblilər, qonaqlar, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları Səbail rayon İcra Hakimiyyəti tərəfindən şəhidin adını daşıyan küçədə, vaxtı ilə onun yaşadığı binanın fasadına vurulmuş və ətraf ərazisi abadlaşdırılmış yeni barelyefini ziyarət edib, onun önünə tər çiçəklər düzmüş, xatirəsini yad ediblər.
Daha sonra tədbir iştirakçıları vaxtı ilə şəhid Tofiq Məmmədovun təhsil aldığı və hazırda onun adını daşıyan Səbail rayonu 239 saylı orta məktəbin akt zalında toplaşıblar. Şəhid Tofiq Məmmədovun xatirəsinə həsr olunan ədəbi-bədii tədbiri 239 saylı orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açıq elan edib şəhid Tofiq Məmədovun uşaqlıq və məktəb illərindən danışıb.
Məktəbin şagirdəlrinin ifasında Azərbaycana, şəhidlərimizə həsr olunmuş şeyrlər səslənib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə şəhidin döyüş dostları, yaxınları çıxış edərək Tofiq Məmmədov haqqında öz xatirələrini danışıblar. Qeyd olunub ki, ermənilərin Azərbaycanın dilbər güşəsi olan Qarabağda Azərbaycanlılara qarşı hücumlarına, törətdikləri haqsızlıqlara dözə bilməyən Tofiq 1991-ci ilin dekabr ayında bir qrup vətənpərvər gənclərlə birgə Şəhidlər Xiyabanında and içərək yenicə formalaşmış könüllülərdən ibarət batalyonun tərkibində o zaman qızğın döyüşlərin getdiyi Şuşa bölgəsinə göndərilib. Şuşanın ətraf qəsəbə və kəndlərinin müdafiəsində Tofiq Məmmədov yaxından iştirak edib, özünü qorxmaz və bacarıqlı əsgər kimi göstərib, Kərkicahan uğrunda gedən amansız döyüşlərdə xüsusi fədakarlıq göstərib. Həmin il dekabrın 27-dən 28-nə keçən gecə mühasirədə olan Kərkicahanda düşmənin böyük üstünlük təşkil edən və yaxşı silahlanıb canlı qüvvələri ilə qeyri-bərabər döyüşdə əsgər yoldaşlarının mühasirədən çıxması üçün böyük şücaət göstərərək qəhrəmancasına həlak olub0.
Tofiq Məmmədov Şəhidlər Xiyabanında dəfn olunub. Onun ailəsi hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Bu gün oxuduğu məktəb və yaşadığı küçə onun adını daşıyır. Qəsəbədə inşa olunmuş "Badamdar şəhidləri" Xatirə Komplesində onun şəkili var. Tofiqin hər iki övladı atalarının adını daşıyan məktəbi bitirib və onunla fəxr edirlər. Mütəmadi olaraq məktəbdə keçirilən tədbirlərə şəhidin anası Bədircahan xanım və ailə üzvləri dəvət olunur, məktəbin şagirdləri "Şəhidlər Xiyabanı"nda şəhidin qəbrini ziyarət edirlər. Hər ilin dekabr ayında şəhidin doğum günü təntənəli şəkildə qeyd olunur, ruhuna ehsanlar verilir.
Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Xalidə Bayramova yeniyetmə və gənclərin hərbi vətnpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi işlərində bu kimi tədbirlərin mühüm rol oynadığını bildirib, bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Tədbirin sonunda şəhidin anası və ailə üzvləri, döyüş dostları Tofiq Məmədovun xatirəsinin yad olunmasına görə öz minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB