ANAMA rəhbəri: "Suriya sərhədində də mina təmizləmə işləri aparırıq"

ANAMA rəhbəri: "Suriya sərhədində də mina təmizləmə işləri aparırıq"

"İşğaldan azad olunmuş ərazilərdə 220 milyon kv.m sahə minalardan təmizlənib"

Ermənilər tərəfindən işğal olunmuş və sonradan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi bu gün də davam etdirilir. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov keçirdiyi mətbuat konfransında deyib. "Son on il ərzində 90-cı illərdə işğaldan azad olunmuş ərazilərdə 350 milyon kvadratmetr ərazinin 220 milyon kvadratmetri minalardan təmizlənib".

Nazim İsmayılovun sözlərinə görə, o ərazilərdə bu gün qəsəbələr tikilib, Füzuli, Ağdam, Goranboy, İmişlidə on minlərlə qaçqın və məcbur köçkün o ərazilərdə yaşayır və işləyir: "Təkcə Füzuli rayonunun Zobucuq qəsəbəsində 12 min nəfər yaşayır. 2016-cı ilə qədər bu əraziləri minalardan tamamilə təmizləməliyik. Azərbaycanın işğal olunmuş əraziləri azad olunduqdan sonra bu işləri orada da davam edəcəyik. Mina təmizlənmə işlərində bu gün 600-ə qədər insan işləyir və onlar lazımi avadanlıq ilə təchiz olunublar".

ANAMA-nın direktoru gələcək planlarından da danışıb: "Artıq iki ildir ki, Türkiyə şirkətlərinin sifarişi əsasında Suriya sərhədində mina təmizləmə işləri aparırıq. İndi biz böyük tenderdə iştirak edirik. Tenderə 20-yə qədər şirkət qatılıb və onlardan 11-i qalıb və ANAMA da onların sırasındadır. Martda tenderin nəticələri elan olunacaq və ümid edirik ki, ANAMA orada qalib olacaq. Ümumiyyətlə harada belə bir tədbir olsa, biz orada iştirak edəcəyik. Əfqanıstanda da işləməyə imkanlar var və orada da işləyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə