TUMİB 20 Yanvar faciəsini andı

Bu gün Atatürk mərkəzində Türkiyə Universitetləri Məzunları İctimai Birliyi 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunan tədbir keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan İB-nin sədri Çingiz Bayramov 20 Yanvar tarixinin Azərbaycan tarixi üçün dönüş nöqtələrindən biri olduğunu vurğulayıb: "SSRİ dağılanda müstəqilliyini ən çətin qazanan xalq biz olmuşuq. Türklər həmişə azadlıqlarını, müstəqilliklərinin çətinliklə, qan bahasına qazanıblar. 20 Yanvar günü həm də xalqımıza xəyanət günüdür. Heç kimin ağlına gəlməzdi sovet ordusu öz xalqına atəş açar. Əhali onları güllə, çiçəklə qarşılamağa hazır idilər. Gözlənilmədən hər şey axarını dəyişdi. Şəhər qanla yuyuldu. Bu faciə millətin şüurunda cəsarət hissini yüksəltdi. Türk xalqı elə faciələrdən sınmayıb, əksinə daha qüvvətli olub".

Tədbir 20 Yanvar şəhidlərinin bir dəqiqəlik sükutla anımından sonra davam edib.

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva gənclərə bu günləri unutmamağı, bu günü həmişə hörmətlə anmağı tövsiyə edib: "Tarixin elə günlərindən biri haqqında danışırıq ki, o heç vaxt unudulmayacaq. Həmin gün bütün Bakı əhalisi ayaq üstə idi, həmrəy idi. Bizim silahımız yox idi, amma Bakımızı, namusumuzu, mənliyimizi qorumalı idik... Azərbaycan xalqı tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini nümayiş etdirərək qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdı. Biz də çalışmalıyıq ki, bu gerçəkliyi dünya ictimaiyyətini olduğu kimi düzgün çatdıra bilək".

Qeyd edək ki, tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə