Bu ilin devizi: İtkilərin azaldılması, daha yaxşı nəticələr. Standartlar səmərəliliyi artırır.
14 oktyabr 1946-cı il tarixində 25 ölkənin nümayəndələri standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Böyük Britaniyanın London şəhərində toplaşmışlar. Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) isə rəsmi olaraq bir il sonra fəaliyyətə başlayıb. Bu günün standartlaşdırma günü kimi qeyd edilməsi isə İSO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb. Həmin dövrdən bu gün bütün standartlaşdırma üzrə digər qlobal təşkilatlar tərəfindən də qeyd edlir. İSO-ya üzv ölkələrdən başqa Beynəlxalq Elektrotexniki Komisiya (İEC), Beynəlxalq Telekommunikasiya Birliyi (İTU) və başqa təşkilatlar da bu günün qeyd edilməsinə xüsusi önəm verirlər.
İqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən ilə artmaqdadır. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılması, istehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, ətraf mühitin qorunması, Ümumdünya Ticarət Təşkilatına üzvlük çərçivəsində tələblərdən biri olan Ticarətdə Texniki Maneələrin aradan qaldırılmasına yardımçı olan standartların yaradılması və s.dən ibarətdir.
Hazırda Azərbaycan Respublikasında standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlarla harmonizasiya, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun genişləndirilməsi, təkmilləşdirilməsi əsas məqsədlərdəndir. Ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq respublikada tətbiq edilən milli standartların Avropa standartlarına uyğunlaşdırılması prosesi uğurla davam etdirilir. Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir.
Ölkəmizdə standartlaşdırmanın inkişaf etdirilməsi və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, tətbiq edilməsi istiqamətində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İSO, İEC, CEN, CENELEC, MDB üzrə Dövlətlərarası Şura (МГС), Codex Alimentarius Komissiyası və s. bu kimi regional və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Azərbaycan bu təşkilatlarda həm müşahidəçi, tərəfdaş üzv kimi, həm də tam üzv kimi çıxış edir.
Standartlaşdırma sahəsində 2012-ci il ərzində İsrail, Litva, Yunanıstan, Gürcüstan, Misir Ərəb Respublikası, Makedoniya ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurulmuş, müvafiq tədbirlər həyata keçirilmiş və gələcəkdə iki tərəfli əməkdaşlıq istiqamətində sazişlərin imzalanması üzərində işlər aparılır. Türkiyə, Rusiya Federasiyası, Albaniya, Serbiya, Rumıniya, Moldova, Çexiya, Polşa, Türkmənistan, İordaniya, Tacikistan, İran, Bolqarıstan, Qazaxıstan, Ukrayna, Özbəkistan, Qırğızıstan və Belorusiyanın standartlaşdırma sahəsi üzrə müvafiq qurumları ilə ikitərəfli əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Hazırda ABŞ-ın standartlaşdırma üzrə nüfuzlu təşkilatı Sınaqlar və Materiallar üzrə Amerika Cəmiyyəti (ASTM) ilə ikitərəfli əməkdaşlıq memorandumunun imzalanması istiqamətində işlər aparılır.
Standartlaşdırma üzrə Milli Texniki Komitələrin formalaşdırılması və onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də bir sıra işlər aparılır. Hazırda standartlaşdırma sahəsi üzrə müxtəlif dövlət qurumları və özəl təşkilatlarla birgə yaradılan sosial məsuliyyət, yeyinti və kənd təsərrüfatı məhsulları, neft-kimya və kimya məhsulları, mebel məhsulları, informasiya-kommunikasiya texnologiyaları, turizm, keyfiyyətin idarə olunması, ekologiya, torpağın qiymətləndirilməsi və geomatika sahələrini əhatə edən texniki komitələr fəaliyyət göstərir. Bunlardan bir neçəsi artıq İSO-nun güzgü komitələridir. Hazırda iqtisadiyyatın digər sahələrini əhatə edən texniki komitələrin yaradılması üzərində işlər aparılır.
Bu il nəqliyyat vasitələrində sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində BMT-nin Avropa İqtisadi Komissiyasının qaydaları əsasında ekoloji normaları təyin edən 80-dən çox milli standart layihəsi müvafiq orqanların rəy və təklifləri nəzərə alınmaqla hazırlanmış və dövlət qeydiyyatına alınıb.
Ümumilikdə il ərzində 139 yeni milli standart dövlət qeydiyyatına alınıb. Müqayisə üçün deyək ki, keçən il bu rəqəm 41 idi. Hazırda cəmi 674 milli standart və 20878 dövlətlərarası standart (ГОСТ) Azərbaycan Respublikasında qüvvədədir. Həmçinin il ərzində respublika üzrə avtomobil yollarının, piyada keçidlərinin, körpülərin inşası üzrə Komitəyə təqdim edilmiş 18 layihəyə baxılmış və müvafiq rəylər verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB