Bakıda beynəlxalq konfrans keçirilir

Bakıda beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda "Kibernetika və informatika problemləri" mövzusunda IV beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransın təşkilatçıları Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, eləcə də ölkməmizin müvafiq elm və təhsil müəssisələridir. Beynəlxalq tədbirdə ABŞ, Almaniya, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrdən nüfuzlu alimlərin iştirak edir.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, 3 gün davam edəcək elmi toplantıda informasiya-kommunikasiya texnologiyaları, intellektual texnologiyalar və sistemlər, seysmik cihazlar, sistemlər və texnologiyalar, idarəetmə və optimallaşdırma, modelləşədirmə mövzusunda müzakirələr aparılacaq. Onun sözlərinə görə, əbədi üsullar və hesablama texnologiyaları identifikasiya, sosial-iqtisadi sistemlərdə qərarların qəbul edilməsi kimi cəmiyyətimzin və dövlətimizin inkişafı üçün aktuallıq kəsb edən mövzularda məsələlər də müzakirə ediləcək.

M.Kərimov bildirib ki, bu gün Azərbaycanda müasir informasiya texnologiyalarına cavab verə bilən müasir gənclik formalaşıb və yüksək ixtisaslı kadrlar, mütəxəssislər hazırlaır. Onun sözlərinə görə, bugün ölkənin İKT sektorunda mövcud olan uğurlar göz qabağındadır: "Bu gün ölkənin qarşısında duran əsas məsələlərdən biri də təbii resursları intelektual potensiala çevirməkdir. Bu istiqamətdə də mühüm işlər görülür. Hazırda ölkəmizdə müasirləşmə siyasəti aparılır, elmi-texniki tərəqqi ilə bağlı addımlar atılır, Azərbaycanda kosmik sənayenin yaradılması prosesi gedir. Bu, dövlət siyasətidir. İKT-nin inkişafı isə ilk növbədə, intellektual potensialın güclənməsinə, ölkədə gedən müasirləşmə prosesinə dəstək verməyə yönəlib".

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə İKT-nin ölkə üçün prioritet əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan regionun İKT mərkəzinə çevrilib və bunun əyani təzahürünü nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında görmək olar. E.Vəlizadə qeyd edib ki, Azərbaycana yeni texnologiyanın gətirilməsi nəzərdə tutulub: "Söhbət kosmik texnologiyadan gedir ki, artıq 2012-ci ildə Azərbaycan öz milli süni peykini orbitə çıxaracaq. Bu da öz növbəsində ölkənin İKT sahəsinə əlavə təkan verəcək, o cümlədən televiziya, internet, məlumatların ötürülməsinə müsbət təsir göstərəcək. Bununla da, Azərbaycan kosmik bazara daxil olub regionda müvafiq xidmətləri göstərə biləcək".

Qeyd edək ki, beynəlxalq konfrans öz işini sentyabrın 14-dək davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə