Ramil Usubov Almaniyanın «Behörden Spiegel» qəzetinin baş redaktorunu qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 12-də Azərbaycanda səfərdə olan Almaniyanın "Behörden Spiegel" qəzetinin baş redaktoru Üve Prollu və İdarə Heyətinin üzvü, daxili işlər nazirinin sabiq müavini cənab Auqust Hanninqi qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SIA-ya verilən məlumata görə, səfərin əsas məqsədinin sentyabr ayında Bonn şəhərində həmin mətbuat orqanının Almaniya Daxili İşlər Nazirliyi ilə birgə keçirəcəyi "Fövqəladə halların idarə olunması və mülki müdafiənin təşkili üzrə 8-ci Avropa Konqresi"ndə Azərbaycanın təmsil olunmasına dair məsələləri müzakirə etmək olduğu bildirilib.

R. Usubov 2007-ci ilin fevral və 2008-ci ilin yanvar aylarında Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyi və "Behörden Spiegel" qəzetinin birgə təşəbbüsü ilə Berlində keçirilmiş 10-cu və 11-ci Avropa Polis Konqresində, həmçinin 2008-ci ilin noyabr ayında 7-ci Berlin Təhlükəsizlik Konfransında iştirakını və sonuncu səfər çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə iki ölkənin Daxili İşlər Nazirlikləri arasında imzalanmış Birgə Niyyət Bəyanatını xatırladıb.

Azərbaycanın polis orqanlarının ayrı-ayrı fəaliyyət sahələrinin beynəlxalq standartlara uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni qanunların işlənib hazırlanması sahəsində həm də almaniyalı ekspertlərin köməyi minnətdarlıqla qeyd edilib.
Auqust Hanninq Avropanın sərhəddində yerləşən vacib bir ölkə kimi Azərbaycanın önəmini qeyd edib, "Eurovision" mahnı yarışması günlərində təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri yüksək qiymətləndirib, Heydər Əliyevlə yaddaqalan və maraqlı görüşünü xatırladıb.
Üve Proll növbəti Polis Konqresi barədə daha geniş məlumat verib, bölgədə Avropa standartlarına uyğun olmaq üçün Azərbaycanın çox iş gördüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...