Parlamentdə Kristof Ştrasser və Almaniya Ombudsmanının “Eurovision”un boykot olunması istəyi pisləndi

Parlamentdə Kristof Ştrasser və Almaniya Ombudsmanının “Eurovision”un boykot olunması istəyi pisləndi

Milli Məclisin spikeri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçi Kristof Ştrasseri qərəzlilikdə təqsirləndirib. SİA-nın xəbərinə görə, Oqtay Əsədov bildirib ki, Kristof Ştrasser və Almaniyanın Ombudsmanı Azərbaycana qərəzlə yanaşır, ölkəyə təzyiq göstərmək istəyərək "Eurovision"un boykotuna çağırır.

"Ştrasser Ukraynada keçirilən futbol üzrə Avropa çempionatı, Belarusda keçiriləcək hokkey üzrə dünya çempionatında bəzi ölkələrin rəhbər şəxslərinin iştirak etməyəcəklərini bəhanə gətirərək Azərbaycanda keçirilən "Eurovision"un da boykot olunmasını istəyib. Bu, onun səviyyəsini və Azərbaycan qarşı qərəzini göstərir. Onlar yüz minlərlə, milyonlarla insanın hüquqlarını pozurlar, bir milyona yaxın qaçqının problemi barədə bir kəlmə də danışmırlar. Onlar insan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər. Bu, hamıya məlumdur. Hər bir savadlı insan bilir ki, bunların kökündə nə dayanır", - deyə spiker əlavə edib.

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə AŞPA-da Azərbaycan üzrə məruzəçi Kristof Ştrasserin mövqeyini cəfəng fikir adlandırıb. Onun fikrincə, kimsə bəzi şəxsi məqsədləri üçün Azərbaycanda şou yaratmaq istəyir. "Bu, tamamilə mənasız şeylərdir və niyyətləri baş tutmayacaq. Ştrasses adi bir vətəndaşdır. Ştrasser nə Almaniyadır, nə alman xalqı, nə Avropa Şurasıdır. Onun dediyi cəfəng fikirdir. "Eurovision" mahnı müsabiqəsi çox yüksək səviyyədə keçiriləcək və buna heç kimin şübhəsi olmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə