Mübariz Əhmədoğlu: \"AES-in tikintisi məsələsində Rusiya ilə Ermənistanın baxışları üst-üstə düşmür\" - AÇIQLAMA

Mübariz Əhmədoğlu: \"AES-in tikintisi məsələsində Rusiya ilə Ermənistanın baxışları üst-üstə düşmür\" - AÇIQLAMA
\"İran fevral ayında 2 önəmli qüsura yol verdi. Belə ki, AENA (MAQATE) İrandan narazılığını rəsmiləşdirmək üçün əsaslar tapdı\". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bugünkü fevral ayına həsr olunan hesabat konfransında deyib.


O bildirib ki, AEBA ekspertlərinin hesablamalarına görə, 20 kiloqram 20%-li zənginləşdirilmiş uran yoxa çıxıb: \"MAQATE ekspertləri dinc nüvə texnologiyaları həlqəsində çatmayan bu 20 kq uranın nüvə silahı hazırlamağa yönəlməsindən şübhələnirlər. İranın 20 %-lik uran ehtiyatı 90-100 kq miqdarında dəyərləndirilir. Ekspertlərin fikrincə, İran nüvə ehtiyatlarını 3 dəfə artırıb. Hər halda hər iki arqument kəsərli və təkzibolunmazdır. Bu səbəbdən AEBA yaxın zamanlarda İranla bağlı yeni sənədi BMT TŞ qarşısında qaldıra bilər. BMT TŞ-də məsələnin belə qoyuluşuna Rusiya Federasiyası və Çinin etiraz etməyə haqqı çatmayacaq. Rəsmi Tehran AEBA ekspertlərinin İrana səfərləri ilə bağlı hesabatlarına həmişə dərhal reaksiya verib. İndi Tehran bu iki arqumenti hələ ki neytrallaşdıra bilməyib\".


Politoloq onu da vurğulayıb ki, Rusiyanın Ermənistanı təsir zonasında saxlamaq istiqamətində gördüyü işlər gözlənilən nəticəni vermədi: \"Rusiya-Ermənistan münasibətləri problemli olaraq qalmaqdadır. Rusiyadan gələn yüksək çinli dövlət adamlarından ibarət \"desant dəstəsi\"nin Ermənistanın Rusiyanın təsir zonasında qalması istiqamətində gördüyü işlər gözlənilən nəticəni vermədi. Baş nazirin müavini Viktor Zubkov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, nəqliyyat naziri və RF-Ermənistan hökumətlərarası komissiyasının sədri İqor Levitin və \"RosAtom\"un sədri Sergey Kirienkonun səfəri yalnız Cənubi Qafqaz Dəmir Yolları İdarəsinin (CQDY) statusunun rəsmiləşməsi ilə yekunlaşdı\".


O deyib ki, 2020-ci ilə qədər Rusiya-Ermənistan strateji münasibətlərinə dair sənəd imzalanmadı və Ermənistanda AES tikintisi məsələsində razılıq əldə edilmədi.


\"CQDY-nin statusunun rəsmiləşməsi indiki şəraitdə mühüm məsələdir. Ermənistanın Rusiyanı ələ salmaq istiqamətində atdığı addımlardan ən mühümü də CQDY ilə bağlıdır. Ermənistan CQDY ilə müqavilə imzalayıb, dəmiryollarını RF-yə 30 illik konsession idarəçiliyə verdikdən sonra fikrini dəyişdi, dəmiryollarını Fransanın idarəçiliyinə vermək istədi. Təzyiqlərdən sonra Rusiya bunun qarşısını hələlik ala bilib\", - politoloq əlavə edib.


Onun sözlərinə görə, AES Ermənistan üçün elektrik enerjisi istehsal edən stansiya deyil, nüvə çətiri olduğu üçün AES-in tikintisi məsələsində Rusiya ilə Ermənistanın baxışları üst-üstə düşmür.


O deyib ki, AES-i tikməkdə Ermənistanın əsas məqsədi özünü Türkiyə və Azərbaycandan müdafiə üçün strateji imkanlarını xeyli gücləndirməkdir.


\"SSRİ də Ermənistanda AES-i bu niyyət üçün tikmişdi. İndi Ermənistan AES tikməklə strateji müdafiə imkanını möhkəmləndirib, Türkiyə və Azərbaycana qarşı uzunmüddətli mübarizə aparmaq niyyətindədir. Ona görə Ermənistan AES tikintisində Rusiya ilə yanaşı, ABŞ və Fransanın da iştirakını zəruri hesab edir. Ermənistan müdafiəsini tək Rusiyaya etibar etmədiyi üçün AES-in də tikintisində təkcə bir dövlətə, xüsusilə Rusiyaya arxayın olmaq istəmir\", - Əhmədoğlu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə