Yeni sosial müdafiə əhəmiyyətli mərkəzlərə, sosial xidmət müəssisələrinin əsaslı təmiri və yenidənqurulması işlərinə baxış keçirilib-FOTOSESSİYA

Yeni sosial müdafiə əhəmiyyətli mərkəzlərə, sosial xidmət müəssisələrinin əsaslı təmiri və yenidənqurulması işlərinə baxış keçirilib-FOTOSESSİYA

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı"na əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sifarişi ilə tikilən paytaxt və ətraf yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli mərkəzlər, sosial xidmət müəssisələrinin əsaslı təmiri və yenidənqurulması işləri davam edir. SİA-nın xəbərinə görə, bu gün bir qrup KİV nümayəndəsi ilə birgə həmin ərazilərə baxış keçirib. Nazirliyin aparat rəhbərinin müavini Elnur Kələntərlinin müşayiət etdiyi nümayəndələr ilk olaraq Nərimanov rayonunda olan gözdən əlillər üçün 12 mərtəbəli yaşayış binasının tikintisi aparılan ərazidə olublar. Yeni binanın ümumi sahəsi 15.686, 49 kv metr, binanın tikinti sahəsi 1910,1 kv metr, mənzillərin yaşayış sahəsi 547,92 kv metr, bina üzrə mənzillərin ümumi sahəsi 10154,4 kv metrdir. Bu binanın istifadəyə verilməsi Bakı şəhərində mənzil növbəsində dayanan 240 nəfər gözdən əlilin böyük bir qisminin mənzillə təminatına səbəb olacaq. Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial sığınacağın tikintisi, Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri üçün Pansionatın ikinci korpusu, Müharibə və Əmək əlilləri üçün Pansionatın əsas korpusunda, 9 saylı Buzovna İxtisaslaşdırılmış ruhi-əsəb internat evində, Ramana Gənc Əlillərin əmək və İstirahət Evində aparılan əsaslı təmir və yenidənqurma ilə tanış olublar.

Yeniliklərlə tanış olan nazirliyin aparat rəhbərinin müavini E.Kələntərli müəyyən tapşırıqlarını da verib. O bildirib ki, əlilliyi olan şəxslərin sosial-məişət şəraitinin qurulması zamanı həmin insanların bu binalarda çətinlik çəkmədən, maneəsiz hərəkət imkanlarına malik olmalı, onların müasir texnologiyalardan istifadə edə bilmələrinə şərait yaradılmalıdır: "Bu gün zaman dəyişir və hər bir mərkəz müasir səviyyəyə uyğun olara dəyişilməli və inkişaf etməlidir. Yeni mərkəzlər əlil, kimsəsiz, yetkinlik yaşına çatmayanların sosial vəziyyətinin qismən də olsa yaxşılaşdırılmasına şərait yaradacaq".

Sonra isə o tikinti, təmir işlərinin müasir tələblərə uyğun yerinə yetirilməsi, obyektlərin ərazilərində abadlıq və yaşıllaşdırma işlərinin aparılması, bu işlərdə daha keyfiyyətli inşaat materiallarından istifadə olunması və digər məsələlər barədə müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, Zabrat qəsəbəsində inşa edilən Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi gözdən əlillərin sosial-iqtisadi həyata fəal inteqrasiyasına, onların gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnməsinə, özünüməşğulluq imkanlarının artırılmasına, eləcə də əlil problemləri barədə məlumatlandırma işinin müasir üsullarla aparılmasına dəstək verilməsi məqsədinə xidmət edəcək.

Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın yaradılmasında məqsəd bu və ya digər səbəblərdən (itmiş, atılmış, evdən qaçmış, valideyn himayəsindən məhrum olmuş, uşaq müəssisələrini icazəsiz tərk etmiş və s.) baxımsızlıq vəziyyətinə düşmüş, yaşayış yeri və yaşamaq üçün maddi imkanı olmayan yetkinlik yaşına çatmamış uşaqların müvəqqəti sığınacaqla təmin edilərək sosial statusunun bərpa olunmasıdır.

Eyni zamanda, müvafiq hallarda onların ailələrinə qovuşmasına yardım edilməsi, belə uşaqlara və valideynlərinə, yaxud qanuni nümayəndələrinə çətin həyat şəraitinin aradan qaldırılmasında sosial, psixoloji və s. köməkliklərin göstərilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə ölkənin daha 10 bölgəsində belə mərkəzlər yaradılacaq.

Paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa edilən 12 mərtəbəli 132 mənzilli yaşayış evinin istifadəyə verilməsi isə hazırda Bakı şəhərində mənzil növbəsində dayanan 240 nəfər gözdən əlilin artıq böyük qisminin mənzillə təminatına səbəb olacaq.

Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatı ilk vaxtlarda 100 çarpayılıq olub, sonralar balkonların rekonstruksiyası hesabına 150 çarpayılıqadək genişləndirilib və hazırda pansionatda 187 nəfər ahıl və əlil dövlət himayəsində yaşayır. Mövcud tələbat nəzərə alınmaqla, bu sosial xidmət müəssisəsi üçün ikinci korpusun tikintisi qərara alınıb.

Ramana Gənc Əlillərin Əmək və İstirahət Evi əsasən dayaq-hərəkət sistemi sıradan çıxmış əlillərin sosial reabilitasiyası üçün nəzərdə tutulub. Əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisənin əlillərin peşə hazırlığı və reabilitasiyası üzrə ixtisaslaşdırılaraq 15 nəfərə xidmət göstərməsi, il ərzində burada 1000 nəfərdən çox əlilin müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə