Xocalı faciəsinin ildönümü ilə bağlı “Qərb” Universitetində tədbir keçirilib - FOTO

Xocalı faciəsinin ildönümü ilə bağlı “Qərb” Universitetində tədbir keçirilib - FOTO

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Səbail rayonunda da geniş şəkildə qeyd olunur. SİA-nın xəbərinə görə, Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir, rayonun mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı sərgilər təşkil olunur.

Tədbirlər çərçivəsində Səbail rayon Gənclər və İdman İdarəsi, "Qərb" Universiteti və "Nurlu sabah" Gənclərə Qayğı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 20-ci il dönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir faciəsi zamanı həlak olan soydaşlarımızın xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb və "Qərb" Universiteti tələbələrinin hazırladıqları faciəyə həsr olunmuş film nümayiş etdirilib.

Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 17 yanvar 2012-ci il tarixli sərəncam imzalanmış və bu faciənin ildönümünün ölkə miqyasında geniş şəkildə qeyd olunması ilə bağlı müvafiq tapşırıqlar verib. Sərəncamın icrası ilə bağlı hər yerdə tədbirlər keçirilər, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı işlər görülür.

Tədbirdə çıxış edən Səbail rayon Gənclər və İdman İdarəsinin rəis müavini Faiq Qurbanov, politoloq Fikrət Sadıxov, BDU-nin dosenti, tarix elmləri doktoru Təranə Zeynalova, "Qərb" Universitetinin tələbəsi Ruhanə Paşazadə və başqaları faciənin tarixi, baş vermiş erməni vəhşilikləri barədə məlumat veriblər.

"Nurlu sabah" Gənclərə Qayğı İctimai Birliyinin sədri Nicat Xəlilov İB tərəfindən hazırlanmış "10 səbəb" layihəsinin təqdimatını keçirdi, faciəyə həsr olunmuş film nümayiş etdirilib və AMEA İqtisadiyyat İnstitutunun elmi işçisi, elmlər doktoru Emin Məmmədzadə Azərbaycan və Ermənistanın hazırkı vəziyyətini əks etdirən statistik məlumatları toplaşanların nəzərinə çatdırıb.

Sonda "Qərb" Universiteti tələbələrinin ifasında bədii kompozisiya nümayiş etdirildi və tələbələrin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə