“İrəli” İctimai Birliyinin növbəti layihəsi təqdim olunub

“İrəli” İctimai Birliyinin növbəti layihəsi təqdim olunub

Bu gün "İrəli" İctimai Birliyinin növbəti layihəsi olan "Hüquq Akademiyası"nın təqdimatı olub. SİA-nın məlumatına görə, tədbirdə "İrəli" İB-nin baş katibi Rauf Mərdiyev, "İrəli" Hüquq Mərkəzinin rəhbəri Roman Qaraşov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi Mayis Əliyev iştirak edib.

İlk olaraq çıxış edən "İrəli" İB-nin baş katibi Rauf Mərdiyev layihə haqqında ətraflı məlumat verərək bildirib ki, layihə müddətində iştirakçılara konstitusionalistika, kriminalistika, hüquqi kargüzarlıq metodikası və başqa sahələr üzrə təlimlər keçiriləcək: "Layihənin 4 ay davam etməsi nəzərdə tutulub. Layihədə 50 nəfər müsabiqə yolu ilə seçilmiş hüquqşünaslıq və beynəlxalq hüquq ixtisarı üzrə təhsil alan tələbələr və həmin ixtisasdan məzun olmuş gənc hüquqşünaslar iştirak hüququ qazanıblar".

"İrəli" Hüquq Mərkəzinin rəhbəri Roman Qaraşov isə qeyd edib ki, layihənin əsas məqsədi gənc hüquqşünasların hüquqi biliklərini müasir tədris metodları ilə inkişaf etdirməkdir: "Layihə müddətində iştirakçılara konstitusionalistika, kriminalistika, hüquqi kargüzarlıq metodikası və s.üzrə təlimlər keçiriləcək. Bununla yanaşı, gənc hüquqşünaslar debatlarda və Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Ədliyyə Nazirliyi, Baş Prokurorluğu və digər dövlət orqanlarından dəvət olunan vəzifəli şəxslərlə görüşlərdə iştirak edəcəklər. Eyni zamanda, gənc hüquqşünaslar Milli Məclisin fəal deputatlarının iştirakı ilə həyata keçiriləcək seminarlarda qanunvericiliklə bağlı təkliflərini irəli sürmək imkanı əldə edəcəklər".

Qeyd edək ki, sentyabrda hazırlıqlarına başlanılan "Hüquq Akademiyası" layihəsinin partnyorları Azərbaycan Hüquqşünaslar Konfederasiyası, ELSA Azərbaycan, Avrasiya Hüquqşünaslar Assosiasiyası, Bakı Dövlət Universitetinin Hüquq fakültəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə