Bakıda Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclası öz işinə başlayıb- FOTO
Bakıda Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, Azərbaycan tərəfinin sədrliyi ilə keçirilən iclasda Xəzəryanı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin nümayəndə heyətləri iştirak edir.
Toplantıda balıq ovu kvotasının mənimsənilməsi, süni balıqartırma və balıq ehtiyatlarının mühafizəsi üzrə 2010-2011-ci illərdə görülən işlər barədə məlumat verilib, dəniz ekspedisiyalarının və elmi-tədqiqat işlərinin nəticələrinə əsasən balıq ehtiyatlarının müasir vəziyyəti barədə hesabatlar təqdim olunub, 2012-ci il üçün Xəzər dənizində su bioresurslarının ümumi ovunun həddi və onun milli kvotalara bölünməsi məsələsinə baxılıb.
Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, iclasda nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması məsələsinə aydınlıq gətiriləcək: "2010-cu ildə Xəzəryanı dövlətlərin başçılarının Bakı şəhərində keçirilən sammitində Qazaxıstan prezidentinin irəli sürdüyü nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması təklifi prezidentlər tərəfindən bəyənilib. Bu təklifi həyata keçirmək məqsədilə Rusiya Federasiyası tərəfindən təklif edilmiş "Xəzər dənizində nərəcinsli balıqların ehtiyatlarının qorunması barədə" saziş layihəsi müzakirəyə çıxarılacaq".
Qazaxıstanın Balıq Təsərrüfatı Komitəsi sədrinin səlahiyyətlərinin icraçısı Bauırjan Jumajanov deyib ki, ölkəsi nərə balıqlarının ovlanması ilə bağlı 5 illik moratoriumun tətbiqinə tərəfdardır və yalnız bundan sonra Xəzərin bioloji müxtəlifliyinin bərpasına nail oluna bilər. B. Jumajanovun sözlərinə görə, Qazaxıstan bu müddət ərzində Xəzərdə nərəcinli balıqları 10 milyon tondan artıq artıra bilər.
İranın \"Şilat\" balıqçılıq təşkilatı rəhbərinin müavini Əli Əsgər Mücdəhidi bəyan edib ki, Tehran Xəzərin bioloji resurslarının mühafizəsi və inkişaf etdirilməsi ilə bağlı Xəzəryanı dövlətlərlə əməkdaşlığa tərəfdardır. O qeyd edib ki, 400 ton kvotasının olmasına baxmayaraq, İran bu il Xəzərdə nərəcinsli balıq ovu həyata keçirməyib: "Bu il İran 200 milyon balıq yetişdirərək Xəzərə buraxıb, bunun 10 milyonu nərəcinsli balıqlardır".
İclas Xəzəryanı ölkələrin nümayəndələrinin çıxışları ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB