Bu ilin noyabrında Almaniya telekanallarında Azərbaycan haqqında iki film nümayiş etdirilib.
ARTE telekanalında GEO-Reportage silsiləsindən Azərbaycanda qədim aşıq sənəti, adət və ənənələrə dair, ölkəmizin müstəqilliyini bərpa edəndən sonra inkişafını və müasirliyini təsvir edən məlumatlandırıcı film göstərilib. Filmdə, həmçinin Azərbaycanın uzunömürlülər diyarı Lerikdə şəhərin sakinləri ilə müsahibələr verilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Münaqişə zəminində Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən zəbt edilməsi haqqında məlumat verilib. Film haqqında ARTE-nin internet səhifəsində müsbət rəylər yazılıb.
Filmin alman dilinə tərcüməsində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) əməkdaşı Naibə Hantel iştirak edib.
"Dünyanın qanı" ("Blut der Welt") adlı digər ikihissəli film noyabrın 16-sı və 17-də nümayiş etdirilib. Filmdə Yer kürəsinin enerji ehtiyatı uğrunda gedən strateji mübarizədən söhbət gedib və Azərbaycanın zəngin neft sərvəti haqqında məlumat verilib. Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın dünya bazarında mühüm rol oynamasından və ən vacib neft dövlətlərindən birinə çevrilməsindən bəhs edilib.
Filmdə Azərbaycanın Avropa üçün çox vacib olduğu vurğulanır. Qeyd edilir ki, Avropaya neft ixrac edən Azərbaycan gələcəkdə bu qitəni həm də vacib enerji mənbəyi olan qazla da təchiz edəcəkdir. Müsahiblər filmdə Azərbaycanı Xəzər dənizi regionunda tutduğu strateji vəziyyətə görə vacib bir ölkə kimi qiymətləndirib və Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsi və Almaniyanın ölkəmizdə sabitliyin qorunub saxlanılmasında böyük marağı olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB