“Qazaxıstan yolu” Azərbaycan dilində

“Qazaxıstan yolu” Azərbaycan dilində

Bu gün Bakıda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin "Qazaxıstan yolu" kitabının Azərbaycan dili versiyasının təqdimatı olub. SİA-nın xəbərinə görə, kitab Mahmud Kaşqari adına Beynəlxalq Fond və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin birgə dəstəyi ilə baş tutub. Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov, kitabın məsləhətçisi Qənirə Paşayeva, millət vəkilləri və digər ictimai-siyasi xadimləri iştirak edib.

Qazaxıstanın Azərbaycandakı səfiri bildiirb ki, Nursultan Nazarbayevin bu kitabı Qazaxıtanın yeni tarixinin ən çətin və parlaq günlərindən bəhs edir. O bildirib ki, kitab Qazaxıstan prezidentinin ölkə gəncliyinə müraciəti kimi nəzərdə tutulur: "Kitabın tərcümə edilərək nəşr olunması Azərbaycan və Qazaxıstan arasında mövcud olan dostluq əlaqələrinin göstəricisidir. Çox keyfiyyətli şəkildə tərcümə və nəşr olunan kitabın nüsxələri 120 minədək azərbaycanlının yaşadığı Qazaxstana da göndəriləcək. Qazaxıstan həyatında baş verən hadisələri real faktlarla əks etdirən kitabda Qazaxıstan dövlətçiliyinin təşəkkül tapması təcrübəsi əks olunub".

Millət vəkili Qənirə Paşayeva isə bu kitabın Azərbaycan üçün önəmli nəşr olduğunu deyib. Onlar bu işi zövqlə həyata keçirdiklərini deyən Q.Paşayeva qeyd edib ki, Nursultan Nazarbayev dünyanın böyük siyasi xadim və liderlərindən biridir: "Türk dövlətlərinin inteqrasiya yolu xalqların bir-birini tanımasından keçir. İnanırıq ki, bu kitab hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edəcək və inkişafa təkan verəcək. kitabın tərcümə olunmasında məqsəd türk dövlətlərinin bir-birinə daha sıx inteqrasiyasını təmin etmək, türk xalqlarının bir-birini daha yaxşı tanımasına şərait yaratmaqdır. Azərbaycan oxucusu da Qazaxstanı daha yaxından tanımaq şansı əldə edir"

Tədbirin davamında çıxış edən qonaqlar bu kitabı hər iki ölkə üçün mühüm nəşr kimi qiymətləndiriblər.

Qeyd edək ki, seriyanın baş redaktoru Elxan Zal Qaraxanlı, Məsləhətçi Qənirə Paşayeva, Tərcümə edənlər Elxan Zal Qaraxanlı, Nizaməddin Əlioğlu, redaktorlar isə Elçin Hüseynbəyli, Ağacəfər Həsənli, əyyub Qiyas, Azər Musayev, Əfqan Nəsirlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə