Hacıqabul sakininin ailəsi ilə birgə yaşadığı evdə hər an faciə baş verə bilər - FOTO
Hacıqabul rayonunun X.Məmmədov 86 ünvanında yaşayan Aleksandr Şərif oğlu Hüseynovun 5 nəfərdən ibarət ailəsinin yaşadığı fərdi evdə hər an dəhşətli faciə baş verə bilər. SİA-nən Aran bürosunun müxbirinin verdiyi məlumata görə, yaşlı nəslin nümayəndələrinin yaşadığı ev uçmaq təhlükəsi qarşısındadır.
1925-ci il təvəllüdlü, Böyük Vətən Müharibəsində 2-ci qrup əlil olan, 35 il təhsil müəssisəsində ədəbiyyat və azərbaycan dili müəllimi işləmiş Aleksandr Hüseynov indi ailəsi ilə birgə bu dəhşətli evdə yaşayır. Artıq bu evə girib-çıxmaq üçün quraşdırılmış pilləkən də uçub. Bu gün səhər evin xanımı Bibi Seyid qızı Hüseynova piləkəni çıxarkən yıxılıb və pilləkən uçub. Nəticədə o, xəsarət alıb. 86 yaşlı ev sahibi ayaqyoluna da gedə bilmir. Bir neçə il bundan qabaq 21 yaşlı yeganə oğul övladlarını avtomobil qəzasında itiriblər. Ailə evə qazanc gətirə biləcək yeganə ümid yerindən də məhrum olub. Üstəlik qızı Nülufər də həyat yoldaşlarından ayrılaraq iki tələbə övladı ilə bu evə sığınıb. Əgər bu evə ev demək olarsa.
Dəhşətli burasıdır ki, ev o dərəcədə yaşamaq üçün təhlükəlidir ki, hər an uçub faciə yarada bilər. Amma aidiyyəti qurumlar bu insanların acı həyat yaşamasına biganə münasibət göstərir. Ailə başçısı Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlayıb. FHN-nin komissiyası evdə olublar və rəy də bildiriblər ki, bu evdə yaşamaq olmaz. FHN nazirinin müavini Orucəli Hacıyevdən 13.10.2011-ci ildə 10/05-22/08516 saylı cavab məktubunda bildirlir ki, əlaqədar təşkilatlara göstəriş də verilib. Amma hələ ki, cavabdeh şəxslər hər an yarana biləcək insan təlafatı ilə nəticələnən faciyənin qarşısını almağa tədbir görmürlər.
Hal-hazırda vəziyyyətdən çıxış yolu ailənin evdən təcili köçürülməsidir. Ev isə yenidən tikilməlidir. Bu ev təmirə və bərpaya 1 faiz belə olsun yararlı deyil. Ev sahibi müharibə veteranı Aleksandr Hüseynov bildirib ki, əgər bu laqeydlik davam etsə ölkə rəhbərliyindən kömək istəyəcəklər.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB