Azərbaycanda saatların əqrəbləri 1 saat geri çəkiləcək

Azərbaycanda saatların əqrəbləri 1 saat geri çəkiləcək

Azərbaycanda saatların əqrəbləri 1 saat geri çəkiləcək. Bununla da ölkədə yay vaxtı ləğv olunacaq. SİA-nın xəbərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən hər il oktyabrın son bazar günü Respublikamızda saatların əqrəbləri 1 saat geri çəkilir və qış vaxtına keçid rəsmən təsdiq olunur. Amma buna baxmayaraq dünyanın müxtəlif ölkələrində aparılan elmi araşdırmalar və həkim rəyləri sübut edir ki, saat əqrəblərinin irəli-geri çəkilməsi insanların səhhəti ilə bağlı müəyyən problemlər yaradır. Mütəxəssislərin fikrincə, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərir. Həkimlər insan orqanizminin öz bioloji saatı olduğunu bildirərək qış vaxtına keçidlə əlaqədar olaraq bəzi insanlarda təzyiq qalxmalarını, stress yaranmasını, yuxu rejiminin pozulması hallarıının olacağını söyləyir. Qeyd olunur ki, məhz bu cür adaptasiya prosesi keçirəcək insanlar yaxşı olardı ki, düzgün yaşayış tərzinə, qidalanma prosesinə əməl etsinlər. Əgər belə olarsa onlar qismən də olsa buna uyğunlaşa bilərlər.

Qeyd edək ki, Azərbaycanda yay və qış vaxtlarına keçid Azərbaycan Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı ilə müəyyənləşdirilib. Bununlada hər il mart və oktyabr ayının son bazar günləri saatların əqrəbləri bir saat irəli və geri çəkilir.



Bütün xəbərlər Facebook səhifəmizdə