Radiasiya fonu nəzarətdədir
Ölkə ərazisində radiasiya fonunun yüksək olması ilə bağlı müxtəlif məlumatlar səslənir. Bəzi ərazilərin təhlükəli olması və orada aparılan tikililərin insan səhhəti üçün fəsadlar verə biləcəyi deyilir.
Radiasiya Problemləri İnstitutunun \"Radiasiyalı fizika cihazları\" laboratoriyasının rəhbəri Şirin Abbasov deyilənlərin elmi əsası olmadığını deyir: "Hər ölkə üçün MAQATE-nin tələblərinə uyğun olan radiasiya şüalanması ilə bağlı normalar qəbul olunub.
Azərbaycanda normal şüalanmanın səviyyəsi saatda 8 mikrorentgen sayılır. ABŞ-da elə yerlər var ki, orada radiasiyanın səviyyəsi qəbul olunmuş normadan bir neçə dəfə çoxdur. Ancaq orada yaşayış var və həmin mühitə adaptasiya olan insanlar təhlükəsiz yaşayır.
Radiasiya İnstitutu mütəmadi olaraq ölkə ərazisində radiasiya fonunun öyrənilməsi istiqamətində monitorinqlər aparılır. Hər hansı bir təhlükə yoxdur.
Hazırda ölkə ərazisində əsas radiasiya təhlükəsi neft çıxarılan ərazilərdə sayılır. Orada da yüksək radiasiya fonu qeydə alınmayıb. Yalnız qısamüddətli və lokal radiasiya şüalanmaları qeydə alınır. Belə hallar olduqda təxirəsalınmaz tədbirlər görülür. Məsələn radiasiya şüalarının təsiri nəticəsində çirklənən torpaq və mayelər bir yerə cəmləşdirilir və konservləşdirilərək məhv olunur. Bu tədbirlər görülməsə, radiasiya şüaları xəstəliklərin yaranmasına, hətta insan ölümünə də səbəb ola bilər. Radiasiyalı məhsullar Abşeronda Pirəkəşkül qəsəbəsi yaxınlığında salınan radiasiya qəbiristanlığı ərazisinə yığılır. Qeyd edim ki, Azərbaycanda radiasiya ilə çirklənmiş mayelər yoxdur. Radiasiya İnstitutu tərəfindən neft emalı zavodlarında da qabaqlayıcı tədbirlər görülür. Həmin ərazilərin heç birində indiyə kimi təhlükəli göstəricilər qeydə alınmayıb\".

Bütün xəbərlər Facebook səhifəmizdə