Keçəlləşən kişilərin sayı durmadan artır-ARAŞDIRMA

Keçəlləşən kişilərin sayı durmadan artır-ARAŞDIRMA

Saç tökülməsi ciddi problemə çevrilib. Əgər 30 - 40 il əvvəl saç tökülməsi ortayaşlı və qoca kişilərin problemi sayılırdısa, indi daha cavan kişilər dazlaşmağa başlayır. Bu gün 20-30 arası kişilərin böyük əksəriyyətinin saçlarının ön və orta hissəsində tüklərin olmamağı problemin ciddiləşməsindən xəbər verir. Gənc qadın, hətta uşaqlar arasında da saçların tökülməsindən əziyyət çəkənlər çoxdur. Problemin geniş vüsət alması isə dərman istehsalçılarının əlinə yaxşı fürsət salıb. Son illər saçların bərpası üçün müxtəlif üsullar və dərmanlar təklif olunur.



Ev şəraitində saçı bərpa etməyə cəhd təhlükəlidir



Dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis, dermatoloq İradə Namazova isə bu gün ev şərtində saçın uzadılması, bərpası üçün təklif olunan preparatların müxtəlif fəsadlar verə biləcəyini istisna etmir: "Bu proseduraları ev şəraitində həyata keçirmək məqsədəuyğun deyil. Bu gün satışda qiyməti ucuz, keyfiyyətinə isə zəmanət verilməyən preparatların sayı çoxalıb. Onlardan istifadə etməzdən əvvəl problemin səbəbi aydınlaşdırılmalıdır. Saç tökülməsinin səbəbi məlum olandan sonra həkimin məsləhəti ilə proseduraları reallaşdırmaq olar".



Mütəxəssis keçəlləşmənin qarşısını almaq üçün müraciət edənlərin əksəriyyətinin kişilər olduğunu dedi: "Gənc kişilərdə, qadınlarda dazlaşma hallarının çox rast gəlinir.

Kişilərdə dazlaşma adətən 18 yaşından başlayır, 30 yaşlarından özünü daha qabarıq büruzə verməyə başlayır. Saçın tökülməsi çox vaxt alının kənarları və təpə nahiyəsindən başlayaraq qulağın arxalarına qədər irəliləyir. Qeyd edim ki, dazlaşmanın bir neçə səbəbləri ola bilər. Əksər hallarda bu irsi xarakter daşıyır. İqlim şəraitinin də saçlara təsiri böyükdür. Məsələn: uzun illər Azərbaycanda yaşayıb və qəfil Rusiyaya köçən insanda mühiti dəyişmə nəticəsində dazlaşma baş verə bilər. Araşdırmalar sübut edib ki, saçların tökülməsi kişi cinsi hormonlarının - antrogenlərin miqdarının artması ilə də əlaqədardır. Digər faktorlar isə B2 vitamini çatışmazlığı, stress, əsəbilik, ekoloji durum, düzgün qidalanmama, genetik və irsi xəstəliklər, tibbi preparatlardan istifadə, radiasiya və sairdir. Ekoloji cəhətdən çirkli hesab edilən ərazilərdə yaşayanlarda dazlaşmaya daha tez-tez rast gəlinir. Çirkli havanın tərkibindəki toksinlər saç köklərinin böyüməsini əngəlləyir. Bununla yanaşı, istifadə edilən saç şampunlarının seçimi zamanı da ehtiyatlı olmaq məsləhət görülür. Çünki tərkibində kimyəvi maddələr olan məhsullar da saç köklərini zədələyə bilər\".



Əməliyyat 3 aydan sonra nəticə verir



Mütəxəssis dazlaşmadan kompleksə düşən kişilərə bir necə məsləhət də verdi: \"Saçlar hər gün müxtəlif istiqamətlərdə yumşaq şotka ilə daranmalıdır. Prosedura yatmazdan əvvəl daha müsbət nəticə verir. Saçı darayarkən dərini də masaj etmək lazımdır. Bu, saçların yaxşı inkişafına, onların toz və qabıqdan təmizlənməsinə kömək edir. Saçı tez-tez yumaq məsləhət deyil. Normal qaydada saçlar həftədə 1 və ya 2 dəfə yuyulmalıdır. Saçlar tökülürsə problem dərinləşməmiş qarşısı vaxtında alınmalıdır. Əgər saçlar hər hansı bir xəstəliyin təsirindən tökülürsə saç əkdirməkdən öncə daxili problemin qarşısı alınmalıdır. Bu gün dünyanın müxtəlif ölkələrində saçların bərpası üçün cərrahiyyə-müdaxilə üsulundan istifadə olunur. Bu bahalı əməliyyatdan sonra saçlar təxminən 3 ay sonra çıxmağa başlayır. Transplantasiya üçün yalnız pasiyentlərin öz tüklərindən istifadə edilir. Nəticədə sıx, gur saçlar olmasa da, başın keçəlləşən hissəsində seyrək tük örtüyü yaranır\".

Bütün xəbərlər Facebook səhifəmizdə