"Aprel ayından bu günə kimi ilan sancması ilə bağlı 58 müraciət daxil olub. Müraciət edənlərdən 4 nəfər dünyasını dəyişib". Bu barədə SİA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. O bildirib ki, bundan əlavə toksikologiya şöbəsinə daxil olan müraciətlərin 16-sı qaraqurdla zəhərlənmə, 8-i isə əqrəb sancması ilə bağlıdır. Onun sözlərinə görə, qaraqurd və əqrəb sancması nəticəsində ölüm halı qeydə alınmayıb. A.Maqsudov vurğulayıb ki, ilan sancması ilə zəhərlənmələr daha çox Bakı kəndlərində, Mərkəzi Aran regionunda-Bərdə, Yevlax, Qəbələ, İsmayıllı və tək-tək cənub rayonlarında- Lənkəran, Astarada olur.
"Ötən ilin analoji dövrü ilə müqayisədə deyə bilərəm ki, bu il mövsüm keçən ilə nisbətən daha tez başlayıb. Belə ki, bu il aprelin 1-dən, ötən il isə may ayından müraciətlər daxil olub. Ötən illə müqayisədə toksikoloji müraciətlərin sayı çoxalıb. Amma hələ ki avqust ayı qabaqdadır və bu ayda nələrin baş verəcəyini gözləmək lazımdır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB