“Avtoş”lara bəd xəbər - Araşdırma

“Avtoş”lara bəd xəbər - Araşdırma
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) "avtoş"larla mübarizəsi səmərə vermir ki, vermir. BŞDYPİ gah "avtoş"lara qarşı reyd keçirir, gah onlar üçün xüsusi meydança ayrılacağını vəd edir, gah da "Avtoxuliqanlığa qarşı birgə mübarizə aparaq" mövzusunda karikatura müsabiqəsi elan edir. Avtoxuliqanlar isə öz işindədir.


Avtoşlar öz \"məharət\"lərini göstərmək üçün şəhərin bir necə ərazisini özlərinə hərəkət məkanı seçiblər. Əsasən gecə saatlarında fəaliyyətə başlayan avtoxuliqanların əlindən paytaxt əhlidə təngə gəlib. Əsasən gecə saatlarında "fəaliyyət"ə başlayan "avtoş"lar beşmərtəbə adlanan ərazi, Zərifə Əliyeva, Bakıxanov, Rəşid Behbudov küçələrində, Neftçilər, Nobel, Füzuli, Azadlıq prospekti, S.Rüstəm prospektlərində "şou" nümayiş etdirirlər. Sözügedən ərazilərdə döngə və keçidlər daha geniş olduğundan avtoşlar üçün əsl meydan yaranıb.


Qeyd edək ki, \"avtoş\"ların daxili "nizam-intizam"ına uyğun olaraq, bu dəstəyə daxil olan maşınların xüsusi görkəmi olmalıdır. Belə ki, həmin avtomobillərin bütün pəncərələrinə plyonka çəkilir. \"Avtoş\"lar əsasən iki növ maşın markasından istifadə edir. Bunlar \"VAZ-2107\" və \"BMW-X5\"lərdir. Görkəmi eybəcər hala salınan bu maşınların ön hissəsi yeddi barmaq qaldırılır, ksenon faralar taxılır, \"basovik\" qoyulur, arxa yaylar iki barmaq kəsilir. Deyilənə görə, avtomobili bu görkəmə salmaq böyük vəsait tələb edir.


11 "avtoş" ölümlə nəticələnən qəza törədib


BŞDYPİ mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun SİA-ya verdiyi məlumata görə, bu il iyul ayının 30-a qədər Bakıda 19 avtoxuliqanlıq faktı qeydə alınıb, bunlardan 11-i ölümlə nəticələnib. Baş verən qəzalar nəticəsində 14 nəfər müxtəlif dərəcəli xəsarət alıb. 16 avtoxuliqan hadisə yerindən yayına bilib. Açıq-aşkar təhlükəli manevrlər etməklə real təhlükə vəziyyəti yaratdıqlarına görə 214 avtoxuliqan saxlanılıb. Sürücülərin 39-u il ərzində təkrarən avtoxuliqanlığa görə məhkəməyə göndərilib".


V.Əsədova avtoxuliqanların əksəriyyətinin 20-30 yaşlar arasında gənclər olduğunu dedi: \"Avtoşların məqsədi avtomobili sürətlə idarə edərək bir-biri ilə yarışmaq və bununla öyünməkdir. Ancaq onların bu hərəkəti ətrafdakıların dincliyini pozmaqla yanaşı həm də ciddi problemlərə səbəb olur.


"Avtoş"ların arzusu ürəyində qaldı


Yeri gəlmişkən qeyd edək ki, bir müddət əvvəl Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti tərəfindən \"avtoş\"lar üçün xüsusi meydança tikiləcəyi ilə bağlı məlumat verilmişdi. Məlumatda bildirilirdi ki, Bakının Güzdək qəsəbəsində yerləşən və sovet ordusu tərəfindən dağıdılmış Aviasiya Mərkəzinin ərazisində "avtoş"lar üçün xüsusi meydança tikiləcək ki, onlar öz "məharət"lərini orda göstərsinlər ki, bununla da paytaxt ərazisində yaranan problemlərə son qoyulsun. Ancaq mərkəzin ərazisində çoxlu miqdarda partlamamış minalar olduğu üçün ərazinin təmizlənməsi lazım idi. Nəzərdə tutulmuşdu ki, mərkəzin yerləşdiyi ərazi minalardan təmizlənəndən sonra təmir işlərinə başlanılsın. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin bunun üçün ANAMA-ya müraciət etdiyi də bildirilirdi. Qeyd edək ki, artıq dəyəri 30 milyon manat olan layihənin smeta sənədləri də hazırlanıb.


Ərazidən minaların təmizlənməsi məsələsinin nə yerdə olduğu və tikintiyə başlanıb başlanmadığını öyrənmək məqsədi ilə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Valid Qardaşlıya müraciət etdik. Ancaq Valid müəllim tikintinin təxirə salındığını dedi: "Həmin ərazi minalandığı üçün tikinti aparmaq mümkün deyil. Ərazi yalnız təmizləndikdən sonra məsələyə baxıla bilər". V.Qardaşlı ərazinin minadan təmizlənməsi üçün ANAMA-ya müraciət olunub-olmadığı məsələsini isə cavabsız buraxdı.


ANAMA-nın İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi Səbinə Sərkərova isə bildirdi ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti tərəfindən ANAMA-ya heç bir müraciət daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня