“Qalmaqala marağın artmasının qarşısını almaq tərəflərin məsuliyyətidir“ -PSİXOLOQ DANIŞDI

“Qalmaqala marağın artmasının qarşısını almaq tərəflərin məsuliyyətidir“ -PSİXOLOQ DANIŞDI

“Bəzən insanların bu cür hadisələrə marağının bir neçə psixoloji səbəbi olur. İnsanlar düşünürlər ki, görəsən, bu insan nə yaşayır, onun başına nə gəlib? Təbii olaraq belə hallarda adrenalinin və həyəcanın artması da müşahidə oluna bilər. İnsan sanki hadisənin içində yaşayırmış və ondan ayrılmaq istəmirmiş kimi həmin mövzu haqqında daha çox danışmağa başlayır”.
Bu sözləri SİA -ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Onun sözlərinə görə, elə insanlar da var ki, danışarkən emosiyaların, dopaminin və yenilik hissinin təsiri altında olurlar:

” Bu vəziyyətin içərisində müəyyən qədər qalmaqal da gözlənilən olur. Hadisənin dramatik xarakter daşıması isə diqqəti güclü şəkildə özünə cəlb edə bilir.

Digər tərəfdən, biz bəzən görürük ki, uşaqlıqda və ya ailə mühitində çoxsaylı konfliktlərin olduğu şəraitdə böyüyən insanlar sonradan gərginliyə daha çox meylli ola bilirlər. Məsələn, uşaqlıqdan ailə daxilində davamlı müzakirələrin, mübahisələrin şahidi olan insan üçün bu vəziyyət müəyyən mənada tanış mühitə çevrilir. O, sonradan da həmin emosional atmosferi axtara bilər.

Bəzən insanlar bunun qeybət olduğunu da anlamırlar. Çünki qeybətin içərisində neqativlik artdıqca, müsbət məqamlar arxa plana keçir. İnsan daim neqativ məlumatın qarşısında olduqda avtomatik olaraq həmin neqativliyi düşünməyə başlayır. Bu formada böyüyən insanların sonrakı həyatında da qalmaqaldan tamamilə uzaqlaşa bilmədiyini müşahidə etmək mümkündür.

Burada həm sosioloji, həm də psixoloji maraq yaranır: Kim haqlıdır? Sonu necə olacaq? Nə baş verəcək? Bu kimi suallar insanları qalmaqallı hadisələrə daha çox maraq göstərməyə sövq edir. Bəzən bu maraq emosional uyğunluq və ya emosional ehtiyacla da əlaqəli ola bilər.

Ona görə də insanlar arasında qalmaqal olduqda, baxın, efirlərdə belə qalmaqallı verilişlərin izlənmə sayının artdığını görürük. İnsanlar maraqlanırlar ki, sonra nə olacaq. Sanki həmin verilişləri izləyən kütlənin bir hissəsi orada özünü görür.

Daha sakit, emosional baxımdan şəfqətli və empatiya qura bilən insanlar da bu mövzulara maraq göstərə bilirlər. Ona görə də belə maraqların artmasının qarşısını almaq üçün həm dinləyən, həm də bu cür durumları təqdim edən tərəflərin üzərinə müəyyən məsuliyyət düşür”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə