Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi mövzusunda tədbir keçirilib - YENİLƏNİB/FOTOLAR

Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi mövzusunda tədbir keçirilib - YENİLƏNİB/FOTOLAR

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) tərəfindən “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda tədbir keçirilib.
SİA xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən Azərbaycanın tarixində mühüm mərhələ olan Qafqaz Albaniyasının irsi ilə bağlı səsləndirdiyi tezislər ətrafında təşkil olunub.
Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, yerli beyin mərkəzlərinin nümayəndələri və tarixçilər iştirak ediblər.
Müzakirələrdə BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Ramil Ağayev, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov, BMTMM-in İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov, Milli Məclisin deputatı Zaur Şükürov və digər ziyalılar çıxış ediblər.
AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Ramil Ağayev deyib ki, ermənilərin alban maddi-mədəniyyət nümunələrinə sahib çıxmaq cəhdləri vaxtilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə sıx şəkildə bağlı olub.
Onun sözlərinə görə, Qafqaz Albaniyası Azərbaycan torpaqlarında yaranmış ən qədim dövlətlərdən biridir.
“Qafqaz Albaniyasında xristianlığın yayılması erməni kilsəsinin tarixindən əvvəlki dövrlərə gedib çıxır. Həmin dövrdə Albaniyada fəaliyyət göstərən katalikosluq və kilsə institutlarının müstəqilliyi məsələsi də tarixi mənbələr əsasında araşdırılıb. Hazırda isə təəssüf ki, bəzi hallarda bu irsin başqa xalqların adına çıxarılması cəhdləri müşahidə olunur”, - deyə Ramil Ağayev bildirib.
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirib ki, alban irsi müxtəlif dövrlərdə dağıdılıb. O əlavə edib ki, Qafqaz Albaniyasının tarixi və dini irsinin araşdırılması regionun keçmişinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
BMTMM-in İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan torpaqları azad olunduqdan sonra bu ərazilərdə araşdırmalar aparılıb və bu iş davam etdirilir.
“Ermənilər dini irsi silah kimi istifadə etməyə çalışırlar. Ermənistan kilsəsinin son zamanlar qəbul etdiyi qərarlar göstərir ki, Ermənistan cəmiyyətində ən böyük revanşizm elə budur. Qafqaz Albaniyası irsinin tarixi daha da dərin araşdırılmalıdır. Ya elmi, ya da siyasi səviyyədə biz bunun təsirini görəcəyik”, - deyə Fərhad Məmmədov vurğulayıb.
Deputat Zaur Şükürov vurğulayıb ki, bu mövzu daim öyrənilməlidir.
“Süni intellekt bu gün inkişaf edib və bunun sayəsində dəqiq olmayan informasiyalar da var. Gənclər bu istiqamətdə maarifləndirilməlidir. Dezinformasiyaya qarşı mübarizədə gənclərin məlumatlı olması zəruridir. Qafqaz Albaniyası ilə bağlı universitetlərdə məruzə edilməli, mövzu müxtəlif platformalarda işıqlandırılmalıdır”, - deyə deputat bildirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə