“Qafqaz Albaniyasının tarixini müasir siyasi iddialardan ayırmaq vacibdir” - Fərid Şəfiyev

“Qafqaz Albaniyasının tarixini müasir siyasi iddialardan ayırmaq vacibdir” - Fərid Şəfiyev

“Qafqaz Albaniyasının tarixini müasir siyasi və ərazi iddialarından ayırmaq, bu məsələyə elmi, tarixi və hüquqi baxımdan obyektiv yanaşmaq vacibdir”.

SİA xəbər verir ki, bu sözləri BMTMM-in İdarə Heyətinin sədri, dr. Fərid Şəfiyev “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Qafqaz Albaniyası tarixi məsələ olmaqla yanaşı, beynəlxalq münasibətlər və hüquq baxımından da siyasi məqamları özündə ehtiva edir.

F.Şəfiyev qeyd edib ki, uzun illər ərzində Qafqaz Albaniyasına aid kilsələrin erməni kilsələri və bu abidələrin erməni irsi olması ilə bağlı müxtəlif iddialar səsləndirilib. Onun sözlərinə görə, bu məsələlərə tarixi və elmi baxımdan mütəxəssislər tərəfindən cavab verilməlidir.

BMTMM sədri vurğulayıb ki, Azərbaycanda müxtəlif dini icmalara məxsus tarixi ibadət yerləri qorunub saxlanılır. O qeyd edib ki, ölkədə erməni, katolik və alman irsi ilə bağlı kilsələr mövcuddur və həmin abidələr Azərbaycanın tarixi-mədəni irsinin bir hissəsi kimi qorunur.

“Qafqaz Albaniyasının müəyyən ərazilərində xristianlığın mövcud olması həmin ərazilərin avtomatik olaraq Ermənistanın tarixi ərazisi olması anlamına gəlmir. Tarixin müəyyən dövrlərində siyasi sərhədlərin dəyişməsi və müxtəlif dövlətlərin müəyyən ərazilərdə təsirinin olması həmin ərazilərlə bağlı müasir ərazi iddialarına hüquqi əsas yaratmır”, – deyə F.Şəfiyev bildirib.

O əlavə edib ki, Qafqaz Albaniyasının tarixinin ayrıca tarixi-siyasi reallıq kimi araşdırılması və məsələyə obyektiv yanaşılması mühüm əhəmiyyət daşıyır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə