Yollarda təhlükəsizliyin keşiyində

Yollarda təhlükəsizliyin keşiyində

Müasir polis xidməti: peşəkarlıq, texnologiya və insan amili

Dövlətin gücü yalnız onun iqtisadi imkanları, hərbi qüdrəti və beynəlxalq nüfuzu ilə deyil, həm də ölkədə qanunun necə qorunması, vətəndaşların özlərini nə dərəcədə təhlükəsiz hiss etməsi ilə ölçülür. Qanunun aliliyinin təmin olunması, ictimai asayişin qorunması və insanların hüquq və azadlıqlarının etibarlı müdafiəsi dövlətə olan ümumxalq etimadının möhkəmlənməsində mühüm rol oynayır.

Bu baxımdan dövlətçiliyimizin əsas dayaqlarından biri olan daxili işlər orqanlarının – Azərbaycan polisinin üzərinə düşən vəzifə son dərəcə mühüm və məsuliyyətlidir. Polis əməkdaşı hər gün vətəndaşla birbaşa təmasda olan, dövlətin qanunçuluq və təhlükəsizlik siyasətini gündəlik xidməti fəaliyyəti ilə həyata keçirən qurumun nümayəndəsidir.

Azərbaycan polisinin fəaliyyətində son illərdə müasir dövrün tələblərinə uyğunlaşma, idarəetmənin təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi, kadrların peşə hazırlığının yüksəldilməsi və vətəndaşlarla münasibətlərdə etik normalara ciddi əməl olunması istiqamətində ardıcıl işlər aparılır. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətlə görüşlərində, toplantılarda etdiyi çıxışlarında, səsləndirdiyi tövsiyə və tapşırıqlarında da bu məsələlərə xüsusi diqqət yetirilir.

Müasir polis yalnız güclü hüquqi bazaya və peşəkar kadrlara deyil, həm də yeni texnologiyalara söykənməlidir. Çünki cinayətkarlığın, yol hərəkəti qaydalarının pozulmasının və digər hüquqazidd halların qarşısının alınması artıq yalnız ənənəvi üsullarla kifayətlənmir. Elektron sistemlər, müşahidə və qeydiyyat vasitələri, informasiya texnologiyaları və digər müasir imkanlar polis xidmətinin daha operativ və çevik təşkilinə şərait yaradır.

Bu proses Dövlət Yol Polisi xidmətində də özünü aydın göstərir. Müasir texniki vasitələr yol hərəkətinə nəzarətin imkanlarını genişləndirir, qayda pozuntularının daha obyektiv müəyyən edilməsinə və təhlükəli halların vaxtında aşkarlanmasına kömək edir. Lakin texnologiya nə qədər inkişaf etsə də, onun səmərəli tətbiqi yenə də peşəkar insan amilindən asılıdır.

Yol polisi – təhlükəsizliyin ilk səddi

Yol polisi əməkdaşının xidməti ilk baxışdan sadə görünə bilər: yollarda hərəkətə nəzarət etmək, qayda pozuntularını müəyyənləşdirmək və qanunvericiliyə uyğun tədbirlər görmək. Əslində isə bu xidmət daha böyük məsuliyyət daşıyır. Çünki yol polisi əməkdaşı hər gün insanların həyat və sağlamlığı üçün potensial təhlükə yaradan hallarla üz-üzə qalır. Magistral yollarda yüksək sürət, təhlükəli manevrlər, sürücünün diqqətsizliyi, uzun məsafələrdən sonra yaranan yorğunluq, sərxoş halda avtomobil idarə edilməsi və avtoxuliqanlıq kimi hallar ağır nəticələrə gətirib çıxara bilər. Ona görə də yol polisinin əsas vəzifəsi yalnız baş vermiş qayda pozuntusuna reaksiya vermək deyil. Daha mühüm vəzifə təhlükəni əvvəlcədən görmək, onun qarşısını almaq və mümkün qəzanın baş verməsinə imkan verməməkdir.

Sürət həddini aşan sürücünün vaxtında dayandırılması, təhlükəli şəkildə avtomobil idarə edən şəxslə bağlı qanuni tədbir görülməsi, sərxoş sürücünün hərəkətdən kənarlaşdırılması və avtoxuliqanlıq edən şəxsin məsuliyyətə cəlb olunması bəzən bir insanın, hətta bir neçə insanın həyatının xilas edilməsi deməkdir. Bu baxımdan magistral yollarda xidmət aparan yol polisi əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür. Onlar həm qanunun tələblərini dəqiq bilməli, həm də mürəkkəb vəziyyətlərdə operativ və düzgün qərar qəbul etməlidirlər.

Ölkənin mühüm nəqliyyat arteriyalarından biri olan Bakı–Astara magistralı yol polisinin fəaliyyətində xüsusi diqqət tələb edən istiqamətlərdəndir. Burada nəqliyyat vasitələrinin intensiv hərəkəti, uzun məsafələr qət edən sürücülərin iştirakı və müxtəlif kateqoriyalı nəqliyyat vasitələrinin eyni magistralda hərəkəti nəzarətin daim yüksək səviyyədə təşkil olunmasını zəruri edir. Belə bir şəraitdə yol polisi postunda xidmət aparmaq yalnız fiziki olaraq yolda dayanmaq deyil. Bu, fasiləsiz müşahidə, diqqət, operativlik, qanunvericiliyin düzgün tətbiqi və yüksək məsuliyyət tələb edən xidmətdir.

Bu mənada Bakı–Astara magistralındakı yol polisi postlarından birində xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11 tağımının komandiri və əməkdaşlarının fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Bu əməkdaşların gündəlik xidməti magistral yolda hərəkətin təhlükəsizliyinin təmin olunması, qayda pozuntularının qarşısının alınması və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Postda xidmət zamanı onların qarşılaşdığı əsas məsələlərdən biri sürücülərin yol hərəkəti qaydalarına əməl etməsinə nəzarətdir. Sürət həddinin aşılması, avtomobilin təhlükəli idarə edilməsi, yol hərəkətinin digər iştirakçılarına real təhlükə yaradan manevrlər, sərxoş vəziyyətdə sükan arxasına keçmə və avtoxuliqanlıq kimi hallara münasibətdə qanunun tələblərinə uyğun tədbirlərin görülməsi yol təhlükəsizliyinin təmin edilməsinin vacib şərtlərindəndir.

Burada əsas məsələ cəza tətbiq etməkdən daha çox, təhlükəli davranışın qarşısını vaxtında almaqdır. Çünki yol hərəkəti qaydasının hər bir pozuntusu potensial qəza riski yarada bilər.

Qətiyyət və etik davranış bir-birini tamamlamalıdır

Müasir polis xidmətinin mühüm prinsiplərindən biri qanunun qətiyyətlə tətbiqi ilə vətəndaşlara münasibətdə etik davranışın uzlaşdırılmasıdır. Yol polisi əməkdaşı qayda pozuntusuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir. Eyni zamanda vətəndaşla ünsiyyətdə nəzakətli, təmkinli və etik davranış qaydalarına uyğun münasibət göstərməlidir. Qanunun tələbinin icrası kobud davranışa əsas vermir.

Daxili işlər naziri Vilayət Eyvazovun polis əməkdaşlarının fəaliyyətinə dair tapşırıq və tövsiyələrində də peşəkarlıqla yanaşı, etik davranış məsələsinin xüsusi yer tutması bu baxımdan əhəmiyyətlidir. Polis əməkdaşının vətəndaşla davranışı, müraciətlərə münasibəti, xidməti vəzifəsini yerinə yetirərkən obyektivliyi və qanunçuluğa sadiqliyi ümumi polis xidmətinin keyfiyyət göstəricilərindən biridir.

Əslində, vətəndaşın polis haqqında təsəvvürü çox vaxt onun konkret polis əməkdaşı ilə qarşılaşdığı anda formalaşır. Bu qarşılaşma küçədə, postda, magistralda və ya yol kənarında baş verə bilər. Ona görə də polis əməkdaşının davranışı yalnız şəxsi münasibət məsələsi deyil, eyni zamanda dövlət xidmətinin bir hissəsidir. Peşəkar əməkdaş qanun pozuntusuna göz yummamalı, lakin qanunu tətbiq edərkən insan amilini də nəzərə almalıdır. Qətiyyət, obyektivlik, nəzakət və məsuliyyət bir-birinə zidd deyil. Əksinə, müasir polis xidmətinin mahiyyəti məhz bu keyfiyyətlərin vəhdətindən ibarətdir.

Azərbaycan polisinin fəaliyyətində aparılan yeniləşmə prosesinin digər mühüm istiqaməti müasir texnologiyaların xidmətə daha geniş şəkildə tətbiq edilməsidir. Elektron informasiya sistemləri, rəqəmsal məlumat bazaları, avtomatlaşdırılmış nəzarət və qeydiyyat imkanları, müasir rabitə və texniki vasitələr polis əməkdaşlarının operativliyini artırır. Yol polisində texniki nəzarət vasitələrinin tətbiqi isə hərəkət iştirakçılarına nəzarətin daha sistemli və obyektiv təşkilinə imkan verir.

Bununla yanaşı, texnologiya yalnız vasitədir. Onun səmərəliliyi həmin vasitələrdən istifadə edən əməkdaşların hazırlıq səviyyəsindən asılıdır. Məhz buna görə kadr məsələsi daxili işlər naziri Vilayət Eyvazovun fəaliyyətində xüsusi diqqətdə olan əhəmiyyətli məsələlərdəndir. Müasir polis əməkdaşı yalnız qanunları bilməklə kifayətlənməməli, yeni texnologiyalardan istifadə etməyi, mürəkkəb situasiyalarda düzgün qərar qəbul etməyi, vətəndaşlarla düzgün ünsiyyət qurmağı və xidməti etik normalara uyğun həyata keçirməyi bacarmalıdır. Peşəkarlıq burada yalnız bilik və təcrübə demək deyil. Peşəkarlıq həm də məsuliyyət, intizam, obyektivlik, təmkin və xidməti vəzifəyə sədaqətdir.

Bu keyfiyyətlərin formalaşdırılması polis sisteminin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Çünki ən müasir texniki vasitələrlə təchiz olunmuş sistem belə, onu idarə edən peşəkar və məsuliyyətli kadrlar olmadan qarşıya qoyulan məqsədlərə tam nail ola bilməz.

Magistral yolda hərəkət edən sürücü yol polisinin əməkdaşını, adətən, yol kənarında dayanmış patrul avtomobili və ya postda xidmət aparan polis əməkdaşı kimi görür. Lakin həmin görüntünün arxasında böyük məsuliyyət dayanır. Postda xidmət aparan əməkdaş daim yola, nəqliyyat vasitələrinin hərəkətinə, sürücülərin davranışına və mümkün təhlükələrə diqqət yetirir. Bəzən bir neçə saniyə ərzində qərar vermək lazım gəlir. Bu qərarın düzgünlüyü isə digər insanların təhlükəsizliyinə birbaşa təsir göstərə bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11 tağımının əməkdaşlarının xidmətini də məhz bu məsuliyyət prizmasından dəyərləndirmək lazımdır. Onların fəaliyyətində əsas meyar yol hərəkəti təhlükəsizliyinin təmin olunması, qanunun tələblərinin yerinə yetirilməsi və hərəkət iştirakçılarının təhlükəli hallardan qorunmasıdır.

Yol polisinin gördüyü işin nəticəsi həmişə statistik rəqəmlərdə və ya protokolların sayında görünmür. Bəzən ən böyük nəticə baş verməyən qəzadır. Vaxtında dayandırılan təhlükəli sürücü, qarşısı alınan avtoxuliqanlıq, sürət həddini aşan nəqliyyat vasitəsinə müdaxilə – bunların hər biri görünməyən, lakin həyati əhəmiyyət daşıyan xidmət nümunəsidir.

Hüquq-mühafizə orqanlarının fəaliyyətində vətəndaş etimadının mühüm əhəmiyyəti var. Bu etimad isə yalnız qanunun tətbiqi ilə deyil, qanunun necə tətbiq olunması ilə də formalaşır. Vətəndaş polis əməkdaşının qarşısında qanunun tələbini görməklə yanaşı, ədalətli, obyektiv və etik münasibət də görməlidir. Polis əməkdaşı üçün isə əsas prinsip şəxsi münasibətlərdən asılı olmayaraq qanunun tələblərinə riayət etməkdir.
Bu baxımdan son illərdə polis xidmətinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər yalnız texniki yeniliklərlə məhdudlaşmır. Burada kadrların hazırlığı, idarəetmənin təkmilləşdirilməsi, xidmət mədəniyyətinin yüksəldilməsi və etik davranış normalarının möhkəmləndirilməsi də mühüm yer tutur. Bu yanaşma yol polisinin gündəlik fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir. Çünki yol polisi vətəndaşla ən çox təmasda olan xidmət sahələrindən biridir.

Bu məsələdə rəhbərliyin üzərinə düşən məsuliyyəti də ayrıca qeyd etmək lazımdır. Hüquq-mühafizə orqanlarında kadr seçimi yalnız vəzifəyə təyinat məsələsi deyil. Bu, həmin şəxsin gələcəkdə dövlətin adından qərarlar qəbul etməsi, vətəndaşlarla ünsiyyət qurması və qanunun tələblərini həyata keçirməsi deməkdir. Peşəkar, prinsipial, intizamlı və xalqa yaxın əməkdaşların məsul vəzifələrə irəli çəkilməsi polis xidmətinin keyfiyyətinə və cəmiyyətin hüquq-mühafizə orqanlarına münasibətinə birbaşa təsir göstərir.

Nazir Vilayət Eyvazovun daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması, qanunçuluğun və xidməti intizamın möhkəmləndirilməsi, eləcə də polis-vətəndaş münasibətlərində etik davranış qaydalarına ciddi əməl olunması ilə bağlı tövsiyə və tapşırıqları yerlərdə də öz əksini tapır. Bu baxımdan Lənkəran Şəhər-Rayon Polis Şöbəsində formalaşdırılan xidmət mühiti və kollektivdə işin təşkilinə verilən diqqət xüsusi qeyd olunmalıdır.

Şöbənin rəhbərliyi tərəfindən şəxsi heyətlə aparılan mütəmadi iş, əməkdaşların qarşısında qoyulan vəzifələrin düzgün müəyyənləşdirilməsi, xidməti məsuliyyətin artırılması və vətəndaşlarla münasibətdə yüksək davranış mədəniyyətinin formalaşdırılması polis əməkdaşlarının fəaliyyətinin səmərəliliyinə təsir edən mühüm amillərdəndir. Bu yanaşma şöbənin Dövlət Yol Polisi Bölməsinin fəaliyyətində də aydın şəkildə özünü göstərir. Şöbə rəisi yol hərəkəti təhlükəsizliyinin təmin olunması, qayda pozuntularının qarşısının alınması, sürücülərlə münasibətdə qanunçuluq və etik davranış prinsiplərinin qorunmasını bu xidmət sahəsinin əsas istiqamətləri kimi irəli sürür.

Bütün bu tələblərin həyata keçirilməsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisinin fəaliyyəti xüsusi diqqət çəkir. Bölmənin işinin düzgün təşkili, şəxsi heyətin qarşısında konkret vəzifələrin müəyyənləşdirilməsi, əməkdaşların peşəkarlığının və məsuliyyətinin artırılması istiqamətində görülən işlər yol təhlükəsizliyinin təmin olunmasına xidmət edən mühüm amillərdəndir.
Şöbə rəisi rəhbərlik etdiyi kollektivdə əsas diqqətin yalnız yol hərəkəti qaydalarının pozulmasına reaksiya verilməsinə deyil, həm də belə pozuntuların qabaqlanmasına, sürücülər arasında yol hərəkəti mədəniyyətinin formalaşdırılmasına və vətəndaşlarla ünsiyyətdə qarşılıqlı hörmət prinsiplərinin qorunmasına yönəldilməsi yol polisinin müasir xidmət anlayışına uyğun gəlir. Belə bir xidmət mühiti isə yol polisinin qarşısına qoyulan vəzifələrin daha məsuliyyətli və ardıcıl şəkildə yerinə yetirilməsi üçün mühüm zəmin yaradır.

Daxili İşlər naziri, polis general-polkovniki Vilayət Eyvazovun bu məsuliyyətli vəzifəyə yeni rəis təyin etməsindən sonra yol hərəkəti təhlükəsizliyinə, sürücülərin qaydalara əməl etməsinə və yol hərəkəti intizamının möhkəmləndirilməsinə diqqətin artırılması müsbət qarşılanır. Amid Şərifovun fəaliyyətində sərxoş sürücülərə və avtoxuliqanlara qarşı prinsipial mövqenin xüsusi əhəmiyyət daşıdığı görünür. Çünki belə sürücülərin yaratdığı təhlükə yalnız onların özləri ilə məhdudlaşmır. Onların davranışı digər sürücülərin, sərnişinlərin və piyadaların da həyatını risk altında qoya bilər.

Bu təhlükələrin qarşısının vaxtında alınması yol polisinin əsas vəzifələrindən biridir. Burada prinsipiallıqla yanaşı, obyektivlik, qanunçuluq və vətəndaşlarla düzgün ünsiyyət də mühüm əhəmiyyət daşıyır.
Amid Şərifovun fəaliyyətinə Lənkəran ictimaiyyətinin diqqət göstərməsi də bu baxımdan təqdirəlayiqdir. Çünki cəmiyyət polis əməkdaşını yalnız onun rütbəsi və vəzifəsi ilə deyil, gündəlik xidmətində nümayiş etdirdiyi davranış, peşəkarlıq və məsuliyyətlə qiymətləndirir.

Magistral yollarda təhlükəsizliyin təmin edilməsi böyük və mürəkkəb bir sistemin nəticəsidir. Burada qanunvericilik, müasir texnologiyalar, texniki nəzarət vasitələri, idarəetmə imkanları və ən başlıcası, peşəkar insan amili bir-birini tamamlayır.

Azərbaycan polisinin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən işlərdə peşəkar kadr hazırlığı, texnoloji yeniliklərdən istifadə, qanunçuluğun təmin edilməsi və etik davranış prinsiplərinin qorunması mühüm yer tutur.

Dövlət Yol Polisi bu sistemin cəmiyyətlə ən sıx təmasda olan sahələrindən biri kimi xüsusi məsuliyyət daşıyır. Bakı–Astara magistralında xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11 tağımının əməkdaşlarının gündəlik fəaliyyəti də yol təhlükəsizliyinin təmin olunmasının konkret nümunələri sırasında qeyd edilə bilər.

Çünki yol polisinin xidməti yalnız qayda pozuntularını aşkar etməkdən ibarət deyil. Bu xidmət insan həyatını qorumaq, təhlükənin qarşısını vaxtında almaq, qanunun aliliyini təmin etmək və yollarda intizam yaratmaq deməkdir.

Magistral yolun kənarında dayanan polis əməkdaşı, əslində, görünməz bir məsuliyyət xəttinin keşiyində dayanır. Onun bir qərarı təhlükənin qarşısını ala, bir müdaxiləsi qəzanın baş verməsinə imkan verməyə, bir düzgün davranışı isə vətəndaşın dövlətə olan inamını möhkəmləndirə bilər.

Məhz buna görə müasir polis xidmətinin əsas düsturu belə ifadə oluna bilər: qanunun aliliyi, müasir texnologiya, peşəkar kadr və yüksək etik davranış. Bu prinsiplər bir yerdə olduqda yol təhlükəsizliyinin və ictimai asayişin qorunması daha səmərəli şəkildə təmin olunur.

Bəxtiyar HÜSEYNOV,
yazıçı-publisist, Prezident təqaüdçüsü

Bütün xəbərlər Facebook səhifəmizdə