Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya görə açıqlama yayıb.
SİA Publika.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə, xüsusilə, Tiktok platformasında yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb.
"Sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır. Bildiririk ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı isə - Kənan Zindadil universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.
Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam komissiyasının iclası keçirilib.
Ali təhsil müəssisəsi ilə təhsil alacaq təhsilalan arasında bağlanan Fərdi müqavilənin 2.3.3. bəndini, "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların universitetdaxili nizam-intizam Qaydaları”nın 5.4. bəndini (Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə) əsas götürərərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bir daha bildirir ki, tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşır, onların özlərini rahat və təhlükəsiz hiss etdikləri təhsil mühitinin formalaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Tiktok sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlədiblər.
Onlar universitetə yeni qədəm qoyan gəncləri hədələyərək, tələbələrə fiziki xəsarətlər yetirəcəklərini bildiriblər. Hətta bundan əvvəlki illərdə xəsarət yetirdikləri olduğunu xatırladıblar.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB