“Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” - LAYİHƏ
“Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə tərəfdaşlıq çərçivəsində “Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” adlı layihəsini həyata keçirir. “DAYAQ” Qeyri Hökumət Humanitar Təşkilatından SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədini işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhali arasında mina və partlamamış hərbi sursatlar, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) tədbirləri təşkil etməklə məlumatlandırma işlərinin səmərəliliyinin artırılması, mina insidentlərin minimuma endirilməsi və minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası təşkil edir. Layihə işğaldan azad edilmiş Cəbrayıl, Fizuli, Xocəvənd, Zəngilan şəhərlərində icra olunur.
Layihə komandası tərəfindən mina təhlükəsizliyi və müharibənin partlamamış qalıqları ilə bağlı məlumatlılıq səviyyəsi və müqayisəli təhlil aparması üçün Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan şəhərlərinə köç etmiş yerli sakinlər, işləyən və təhsil alan vətəndaşlar arasında layihə rəhbəri və sosioloq tərəfindən görüşlər və əvvəlccədən hazırlanmış və məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə sorğular həyata keçirilir. Sorğuların və görüşlərin nəticələri təhlil olunaraq, ehtiyaclara uyğun təlim modulları, prezentasiyalar, təlim materialları və paylama vəsaitləri hazırlanmışdır.
Eyni zamanda layihə çərçivəsində mina təhlükəsinə dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə 250 buklet və 100 ədəd poster hazırlanmışdır. Buklet və posterlər Cəbrayıl, Zəngilan, Füzuli və Xocavənd ərazilərində söhbətgahlarda, inzibati binalarda, elanlar üçün nəzərdə tutulmuş guşələrdə, məktəblərin, uşaq bağçalarının, icma mərkəzlərinin girişində, bərpa, tikinti və idarəetmə xidmətinin inzibati binasında, tikinti şirkətlərinin SƏTƏM bölməsində yerləşdirilir və bukletlər paylanılır.
Layihənin icra planına uyğun olaraq 14 sentyabr 2026-cı ildə Fizuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir həyata keçirilib. Tədbiri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı Əfsanə Əliyeva açaraq qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, tədbirin postmüharibə dövründə ciddi fəsadlar yaradan mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükə ilə bağlı sakinlərin maarifləndirilməsi və təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətini qeyd edib.
“Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatının sədri Faiq Seyidov layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat vermişdir. Tədbir zamanı layihə eksperti- minadan zərərçəkən, ANAMA-nın keçmiş əməkdaşı Hasil Yusubov təqdimatla çıxış edərək mina və MPQ haqda məlumat, mina mifləri, mina və müharibənin partlamamış qalıqlarının törətdiyi fəsadlar və acı nəticələri, mina və partlamamış hərbi sursatlarla təhlükəsiz hərəkət qaydaları, icma səviyyəli maarifləndirmə işlərinin davamlılığı mövzusunda məlumatlar vermiş, iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbirdə hər bir iştirakçı üçün dəftərxana ləvazimatlarından ibarət qovluq və sertifikatlar təqdim olunub.
Tədbirin sonunda cay-kofe fasiləsi zamanı da müzakirələr davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB