"Yeni tədris ilində uşağın nəticəsindən əvvəl onun ritminə diqqət etmək lazımdır"
"Əslində, yeni tədris ilinə uyğunlaşmaq sadəcə uşağın yenidən səhər tez oyanması və dərsə başlaması demək deyil. Uşaq uzun yay tətilindən sonra daha sərbəst bir rejimdən qaydaların, məsuliyyətlərin və müəyyən gözləntilərin olduğu bir mühitə qayıdır. Ona görə də ilk günlərdə valideynlərin diqqət etməli olduğu əsas məqam uşağın nəticəsi yox, ritmidir. Yəni “neçə səhifə dərs oxudu, hansı qiyməti aldı, tapşırığını nə qədər tez bitirdi?” suallarından əvvəl “bu tempə necə uyğunlaşır?” sualına baxmaq lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında İngla Kids and Preschool-un direktor müavini,Uşaq və Yeniyetmə psixoloqu Aysu Həsənzadə deyib.
Onun sözlərinə görə, burada çox maraqlı bir nüans var: "Bəzən uşağın məktəbə uyğunlaşmaqda çətinlik çəkdiyini dərsdən yox, davranışından görürük. Uşaq evə gəldikdən sonra daha əsəbi ola bilər, tez inciyə bilər, valideynlə daha çox mübahisə edə bilər və ya səbəbsiz görünən ağlamalar göstərə bilər. Çünki gün ərzində məktəbdə özünü idarə etməyə çalışır və topladığı gərginliyi özünü daha təhlükəsiz hiss etdiyi ev mühitində göstərə bilir.
Buna görə ilk həftələrdə uşağa bir qədər zaman vermək, məktəbdən gələn kimi dərhal dərs masasının arxasına keçirməmək, onun oyun, hərəkət və istirahət ehtiyacını nəzərə almaq çox vacibdir.
Digər tərəfdən, valideynin öz narahatlığı da uşağa ötürülə bilir. Hər səhər “dərslərinə fikir ver, müəllim nə dedi, qiymətin necə oldu, geri qalma” kimi xatırlatmalar uşağa məktəbin maraqlı bir öyrənmə mühiti deyil, daim özünü sübut etməli olduğu bir yer olduğu mesajını verə bilər.
Məncə, valideynin bu dövrdə əsas rolu uşağı daha çox dərs oxumağa məcbur etmək deyil, onun gündəlik ritmini yenidən qurmasına kömək etməkdir. Yuxu, qidalanma, ekran vaxtı, dərs, oyun və istirahət arasında balans yarandıqca uyğunlaşma da daha rahat gedir.
Bir də uşaqları ilk həftələrdə əvvəlki tədris ilindəki performansı ilə belə müqayisə etməmək lazımdır. “Keçən il belə deyildin” demək əvəzinə, onun hazırda nəyə ehtiyacı olduğunu anlamaq daha faydalıdır. Çünki hər yeni tədris ili uşağın həyatında sadəcə yeni kitablar və yeni dərslər deyil, eyni zamanda yeni sosial münasibətlər, yeni gözləntilər və yeni məsuliyyətlər deməkdir.
Uşağa bir az zaman, bir az anlayış və düzgün qurulmuş rutin verdikdə, çox zaman həmin uyğunlaşma öz təbii axarında formalaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB