Azərbaycanda təhsil müddəti azalır ? - EKSPERT AÇIQLADI

“Bakalavr təhsilinin müddətinin 4 ildən 3 ilə endirilməsi artıq bir sıra ölkələrdə uğurla tətbiq olunur və bu model ali təhsilin daha çevik və əmək bazarına yönəlik qurulmasına xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, xüsusilə Avropa təhsil məkanında gedən islahatlar çərçivəsində bəzi ixtisaslar üzrə təhsil proqramları optimallaşdırılaraq daha qısa müddətdə əsas bilik və bacarıqların verilməsi məqsəd qoyulub:

“Qonşu Gürcüstanda da bu istiqamətdə konkret addımlar atılır, ali təhsil sistemində struktur dəyişiklikləri aparılır və beynəlxalq təcrübə nəzərə alınır.

Təbii ki, dünyada baş verən sürətli qloballaşma və təhsil sahəsindəki inteqrasiya prosesləri Azərbaycandan da yan keçmir. Ölkəmizin ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, tələbələrin mobil imkanlarının artırılması və məzunların rəqabət qabiliyyətinin yüksəldilməsi əsas prioritetlərdən biridir. Hazırda “Elm və təhsil haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunur və bu sənəd çərçivəsində ali təhsilin pillələri üzrə mühüm dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Böyük ehtimalla, gələcəkdə bəzi ixtisaslar üzrə bakalavr təhsilinin müddəti 4 ildən 3 ilə endirilə bilər. Bu isə təhsil proqramlarının yenidən formalaşdırılmasını, fənlərin daha məqsədyönlü seçilməsini və praktiki bacarıqlara üstünlük verilməsini tələb edəcək. Eyni zamanda, magistratura və doktorantura pillələrinin müddətinin 1 ilə endirilməsi məsələsi də artıq rəsmiləşmək ərəfəsindədir. Bu dəyişikliklər elmi-tədqiqat fəaliyyətinin intensivləşdirilməsinə, gənc mütəxəssislərin daha tez akademik və peşəkar fəaliyyətə qoşulmasına, ümumilikdə isə təhsil sisteminin daha dinamik və səmərəli olmasına xidmət edə bilər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə