22 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemik tədbirlər həyata keçirilir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 8-dən noyabrın 13-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 21 min 186 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 0-17 yaş aralığı 2 min 700 nəfər, 18-59 yaş aralığı 14 min 807 nəfər, 60 yaş və yuxarı isə 3 min 679 nəfərdir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksəkkeyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər.

Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə