Son illərdə gənclər arasında ənənəvi ailə modelindən fərqli seçimlər getdikcə artmaqdadır. Bir çox gənc uşaq sahibi olmaq əvəzinə ev heyvanları ilə yaşamağa üstünlük verir. Bu tendensiya yalnız şəxsi seçim deyil, həm də müasir həyat tərzinin və iqtisadi-sosial reallıqların nəticəsi kimi qiymətləndirilir. Bəs, gənclər niyə uşaq əvəzinə heyvana sevgi bəsləyirlər? Niyə gənclər uşağa deyil, ev heyvanına üstünlük verirlər?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, ev heyvanları insanların şəfqət, məsuliyyət və emosional bağlılıq ehtiyaclarını qarşılayan mühüm bir vasitə rolunu oynayır:
"Müasir gənclər arasında ev heyvanlarına bağlılığın artması, sadəcə fərdi zövq və seçimlərlə izah oluna bilməz; bu, həm də sosial dəyişikliklərin, emosional ehtiyacların və psixoloji tendensiyaların bir nəticəsi kimi qiymətləndirilə bilər. Gənclərin həyatında ev heyvanları, təkcə dost və yoldaş rolunu oynamır, həm də dərin mənəvi və emosional boşluqları dolduran bir varlıq funksiyasını yerinə yetirir. Bir çox gənc üçün ev heyvanı, sanki bir “uşaq” və ya “ailə üzvü” kimi qəbul edilir — ona qayğı göstərmək, onunla ünsiyyət qurmaq və qarşılıqlı emosional bağ yaratmaq, insanın sevilmək, qəbul olunmaq və mənalı münasibət qurmaq kimi fundamental psixoloji ehtiyaclarını təmin edir.
Müasir dövrdə sosial münasibətlərin zəifləməsi, urbanizasiya, ailə modellərinin dəyişməsi və emosional tənhalığın artması gəncləri daha çox fərdi və təcrid olunmuş həyata yönəldir. Bu reallıqda ev heyvanı, bir növ sadiq dost və emosional dəstək mənbəyi kimi çıxış edir. İnsanlar, xüsusilə də gənc nəsil, bəzən insan münasibətlərində qarşılaşdıqları məyusluq, etimad problemi və tənqid qorxusunu heyvanlarla münasibətdə yaşamır. Ev heyvanı, sahibinə qarşılıqsız sevgi göstərir, onu olduğu kimi qəbul edir və heç vaxt tənqid etmir. Bu da insanın daxili rahatlığını və özünüqiymətləndirmə hissini artırır. Eyni zamanda, uşaqlıq dövründə sevgi və diqqət çatışmazlığı yaşayan, ailədaxili münaqişələrin və ya emosional travmaların təsirində qalan gənclər, ailə qurmaq və valideynlik kimi məsuliyyətli münasibətlərdən çəkinə bilirlər. Onlar üçün ev heyvanı saxlamaq, həm emosional, həm də psixoloji baxımdan daha təhlükəsiz və idarəolunan bir bağ formasıdır. Belə bir əlaqə insanın sevgi vermək və almaq bacarığını qoruyub saxlamağa kömək edir, eyni zamanda potensial itkilər və xəyal qırıqlıqları riskini minimuma endirir.
Ev heyvanları həm də stressin azaldılmasında, depressiya və tənha qalma hisslərinin yüngülləşdirilməsində mühüm rol oynayır. Onlarla təmas zamanı beyində xoşbəxtlik hormonlarının – serotonin və oksitosinin – ifrazı artır, bu da insanın emosional vəziyyətini stabilləşdirir. Bir çox gənc üçün ev heyvanı ilə vaxt keçirmək, müasir həyatın təzyiqlərindən uzaqlaşmaq, sosial medianın yaratdığı saxta əlaqələrdən fərqli olaraq, daha təbii və səmimi bir münasibət qurmaq imkanı yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB