Füzulidə şəhidlərin xatirəsi anılıb, məzarları ziyarət olunub

44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azad edilməsi üçün silaha sarılaraq canlarını fəda edən şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Bu gün Füzulidən olan 4 şəhidin anım günündə məzarları ziyarət olunub. Müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından bir daha söhbət açılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə yanaşı rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları iştirak ediblər.

Hacıyev Nicat Cahangir oğlu 1989-cu il mayın 25-də Füzuli şəhərində anadan olub. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Füzuli şəhərini işğal etməsindən sonra ailəsi ilə birgə məcburi köçkün düşüb və Mingəçevirdə məskunlaşıblar. 2009-cu ildə müddətli həqiqi hərbi xidmətini başa vurandan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənin keşiyində dayanıb. 2016-cı ilin Aprel döyüşlərində şücaəti ilə seçilib. Nicat Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 2-də Cəbrayıl uğrunda döyüşlər zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Nicat Hacıyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mehdiyev Paşa Etibar oğlu 1978-ci il noyabr 24-də Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. Ömrünün yeniyetmə çağlarında ailəsi ilə bərabər doğma yurdundan köçkün düşüb. Vətən həsrəti ilə yaşayan Paşa hərbçi olmağı qarşısına məqsəd qoyub. Həqiqi hərbi xidmətini yerinə yetirdikdən sonra müddətdən artıq hərbçi kimi Vətənin keşiyində dayanıb. Aprel döyüşləri ərəfəsində Paşa şücaəti ilə seçilib və "İgidliyə görə" medalı ilə təltif olunub. 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısının alınması məqsədi ilə başlayan əks-hücumda ilk döyüşə atılanlardan biri də o olub. Paşa və onun tank heyəti Vətən müharibəsində düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Paşa Mehdiyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Paşa Mehdiyev ölümündən sonra "Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Əliyev Nohəl Əlqəmə oğlu Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində anadan olub. Hələ azyaşlı və yeniyetmə çağlarından vətənpərvərliyi ilə seçilən Nohəl gələcəyin hərbçisi olmaq arzusu ilə yaşayıb. 2006-cı ildə məktəbi bitirdikdən sonra 2007-ci ildə həqiqi hərbi xidmətə yola düşüb. 2010-cu ildə xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətçi kimi fəaliyyətə başlayıb. Nohəl 2016-cı ilin Aprel döyüşlərində şücaəti ilə seçilib. Nizamlı cəsur hərbçi kimi xidmət dövründə fəxri fərmanlarla da təltif edilib. Vətən müharibəsində ilk döyüşə girənlər sırasında yer alıb və qəhrəmanlığı ilə seçilib. Nohəl oktyabrın 3-də gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Nohəl Əliyev ölümündən sonra “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əslən Füzuli rayonu Yağlıvənd kəndindən olan Şəhid Əliyev Xəyal Saleh oğlu 1999-cu il aprelin 25-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Müddətli həqiqi hərbi xidmətdən qayıdandan sonra N saylı kəşfiyyat briqadasında xidmətini davam etdirib. Vətən müharibəsinin döyüş əməliyyatlarında böyük şücaətlə iştirak edib. Xəyal Əliyev oktyabrın 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Xəyal Əliyev ölümündən sonra lll dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə