Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə II Şəhidlər xiyabanında ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçən qəhrəmanların xatirəsi anılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, gəncliyini torpaqlarımızın düşmən tapdağından xilas edilməsi naminə qurban verən cəsur döyüşçülərin məzarı başına toplaşanlar onların əziz xatirəsini yad edib, ruhuna dualar oxuyublar.
Qeyd olunub ki, ömürlərinin ən gözəl çağlarında şəhadətə yüksələnlər, gəncliklərini Vətənə ləyaqətli xidmətlə keçirib missiyalarını ən ali dərəcədə - şəhidliklə tamamlayan cəsur döyüşçülər, əzalarını itirsələr də torpaqlarımıza kəm baxanların gözlərini oymağa hər an hazır olan qazilər, hava şəraitindən asılı olmayaraq Vətənin keşiyində ayıq-sayıq dayanan hərbi qulluqçular məhz Azərbaycan gəncliyinin simasıdır.
Azad olunmuş ərazilərin hər qarışında cəsarətli Azərbaycan gənclərinin izləri həkk olunub. 44 gündə 30 illik işğalı sonlandıran, 24 saat tamam olmadan düşmənin tör-töküntülərini ağ bayraq qaldırmağa məcbur edən Azərbaycan gəncləri və ömrünün ən şirin dövrlərini fəda edən hərbçilərdir.
Şəhidlərimizin uyuduğu müqəddəs məkanların şanlı tariximizin bariz nümunəsi, gələcək nəsillərin örnək yeri olduğu vurğulanıb.
Sonra Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş leytenantı Şəhriyar Əlibəylinin adından ehsan süfrəsi açılıb.
Qeyd edək ki, ailənin yeganə övladı olan Şəhriyar Ramiz oğlu Əlibəyli 44 günlük Vətən müharibəsi zamanı Şuşa, Xocavənd, Laçın, Kəlbəcər uğrunda döyüşlərdə ön cəbhədə iştirak edib. 2022-ci il sentyabrın ortalarında Ermənistan ordusunun sərhəd ərazilərdə törətdiyi təxribatın qarşısının alınmasında xüsusi fəallıq nümayiş etdirib.
2023-cü il martın 5-də səhər saatlarında həmişəki kimi qanunsuz erməni silahlı dəstələri Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat və şəxsi heyət daxil etməyə cəhd göstərib. Azərbaycan Ordusu qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrini saxlayaraq yoxlayıblar. Həmin yoxlama zamanı qarşı tərəf atəş açıb. Şəhriyar Əlibəyli insident zamanı düşməni məhv etməyə nail olub. Lakin təəssüf ki, Azərbaycan Ordusunun zabiti həmin təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, martın 6-da II Şəhidlər xiyabanında dəfn edilib.
Şəhid baş leytenant "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" , "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı", medalları, o cümlədən ''Hərbi xidmətdə fərqlənməyə görə" 3-dərəcəli medalı ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə