Gəncədə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi yad edilib. SİA xəbər verir ki, mərasim iştirakçıları Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsini ziyarət edib, məzarına tər çiçəklər düzüblər.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Gəncədə fəaliyyət göstərən universitet rektorları, "Cavad xan" Tarix və Mədəniyyət Fondunun rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Qeyd edək ki, Gəncədəki Cavad xanın türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. 2023-cü ildə türbənin dam örtüyü, fasadı və daxili hissəsi təmir olunub.
Xatırladaq ki, 221 il əvvəl - 1804-cü ilin yanvar ayında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinədək vuruşaraq, Gəncə qalası üzərində şəhidlik zirvəsinə ucalıblar. Bütün tarixi mənbələrdə Gəncənin işğal günü və Cavad xanın şəhid olması Yulian təqvimi ilə yanvarın 3-ü göstərildiyi üçün müasir mənbələrin çoxunda da düzəliş verilmədən, mexaniki olaraq həmin tarix göstərilib. Ancaq köhnə rus tarixi mənbələrində 3 yanvar günü o vaxt istifadə olunan Yulian təqvimi ilə göstərilib, bu da, 1918-ci ildən istifadə etdiyimiz Qriqori təqvimi ilə yanvarın 15-nə təsadüf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə