Nəzrin Mansurlunun ölümünə səbəb olanları hansı cəza gözləyir? - AYDINLIQ GƏTİRİLDİ
"Həkim səhlankarlığı tibbi işçi tərəfindən qərəzli şəkildə öz üzərinə düşən vəzifələrin icra edilməməsinə görə ona müraciət edən şəxsin zərər yetirilməsidir". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib
Onun sözlərinə görə, estetik cərrahiyə inanılmaz dərəcədə inkişaf etsə belə, hər zaman təhlükəlidir: "Çünki mütəxəssislər dəfələrlə bildirirlər ki, istənilən cərrahiyə əməliyyatının ölüm riski var. Ən çox müraciət edilən plastik əməliyyat isə “rinoplastik” əməliyyatdır. Sonrakı sırada üz cizgilərinin dəyişdirilməsi, o cümlədən qırışların açılması, üzün və göz qapaqlarının dartılmasıdır.
Liposaksiya”, bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü də dünyada geniş yayılmağa başlayıb. Bu əməliyyat isə ilk dəfə 20 il əvvəl Fransada yaranıb. Həkim səhlənkarlığı ilə bağlı məhkəmələrdə mülki və cinayət işlərinin sayı xeyli dərəcədə artmışdır.
Bəzi həkimlərin fəaliyyətinə şərait yaradan tibb müəssisələri və klinikaların özləri də məsuliyyət daşıyır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Əməliyyatı qanunsuz icra edən həkim isə xəsarətin dərəcəsindən Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun şəkildə cinayət məsuliyyəti daşıyır”.
Həkim işində baş vermiş səhlənkarlığa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə məsuliyyət daşıyır:
314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda:
1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda:
2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314.3. Məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda:
3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə