Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar keçirilən monitorinqlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən yerli məhsul partiyalarından 21 ədəd qənd və 24 ədəd qara çay nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edilib.
Götürülmüş nümunələr qənd məhsulunda kükürd dioksidin (SO2) miqdarı, qara çayda isə maya, kif göbələkləri və salmonellanın təyini üzrə laborator müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 18 qənd və 24 qara çay məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb. 3 sahibkara məxsus 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib.
Aşkar edilmiş uyğunsuzluqlarla bağlı həmin müəssisələrdə plandankənar yoxlama keçirilib, məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib. Eyni zamanda, müəssisələrdə faktiki mövcud olan məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 1 müəssisədə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar sahibkar inzibati məsuliyyətə cəlb edilib, məhsulun ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. 2 müəssisədən götürülən nümunələrin sınaq nəticələri isə uyğun olub. Bu sahədə zəruri tədbirlər davam etdirilir.
Uyğunsuzluq aşkarlanan qənd məhsulları və istehsalçıları ilə AQTA-nın saytında tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə